Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqındakı vəzifələrindən istefa verdi

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən və “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, sənətkar bununla bağlı Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə müraciət ünvanlayıb.

Arif Hüseynov bildirib ki, 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, eyni zamanda “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərib. O qeyd edib ki, bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəslin yetişməsi naminə bütün bilik və təcrübəsini səfərbər etməyə çalışıb.

Xalq rəssamı istefa qərarını yaşı, səhhəti və yaradıcılıq planları ilə əsaslandırıb. “Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyünə, eləcə də Kitab Qrafikası və Miniatür bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlmişəm”, – deyə Arif Hüseynov müraciətində bildirib.

Xalq rəssamı məktubunun sonunda Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlərinə Azərbaycan təsviri sənətinin inkişafı naminə göstərdikləri fəaliyyətə görə təşəkkür edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.