“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prosesi mərhələli şəkildə davam edir. Rəsmi statistikaya görə, artıq on minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb, növbəti aylarda isə köçün daha da sürətlənməsi planlaşdırılır.
36 mindən çox keçmiş məcburi köçkün doğma yurduna qayıdıb
2026-cı il iyunun 1-nə olan rəsmi məlumata əsasən, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Lakin bölgədə yaşayan insanların ümumi sayı bundan xeyli çoxdur. Tikinti-quruculuq layihələrində çalışan işçilər, dövlət qurumlarının əməkdaşları, müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şəxslər və tələbələr də nəzərə alındıqda, hazırda Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan insanların sayı 88 123 nəfərə çatıb.
Regiona 6 mindən çox ailə köçürülüb
Dövlət Statistika Komitəsinin məlumatına görə, indiyədək azad edilmiş ərazilərə 6 mindən artıq ailə daimi yaşamaq üçün köçürülüb.
Məskunlaşma prosesi Şuşa, Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Xocalı və Xocavənd şəhərləri ilə yanaşı, bərpa olunan onlarla kənd və qəsəbəni də əhatə edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni yaşayış məntəqələri istifadəyə verildikcə köç karvanlarını mərhələli şəkildə təşkil edir.
İlin sonunadək əsas hədəf – 140 min nəfər
“Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsinin 2026-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Rəsmi plana əsasən, ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda məskunlaşanların sayının 140 min nəfərə, yəni təxminən 34 500 ailəyə çatdırılması hədəflənir.
Bu məqsədlə yaşayış məntəqələrinin tikintisi, sosial infrastrukturun yaradılması, yol, enerji, su və rabitə layihələri paralel şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev: “150 mindən çox insanı qaytaracağıq”
Qarabağa qayıdışla bağlı hədəflər Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə açıqlanıb.
Dövlət başçısı 2023-cü ildə keçirilən Şuşa Qlobal Media Forumunda bildirmişdi ki, növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzura 150 mindən çox insanın qaytarılması planlaşdırılır.
Prezident qeyd etmişdi ki, təkcə Qarabağ bölgəsində 2026-cı ilədək 140 min nəfərin məskunlaşdırılması nəzərdə tutulur.
Böyük Qayıdış proqramı davam edir
Hazırda azad edilmiş ərazilərdə yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, inzibati binaların və mühəndis-kommunikasiya infrastrukturunun tikintisi davam etdirilir. Yeni yaşayış məntəqələri istifadəyə verildikcə növbəti köç mərhələləri də həyata keçiriləcək.
“Böyük Qayıdış” proqramı Azərbaycanın postmünaqişə dövrünün ən iri sosial və infrastruktur layihələrindən biri hesab olunur və əsas məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz, dayanıqlı və müasir yaşayış şəraitində doğma torpaqlarına qayıdışını təmin etməkdir.
S.Abdulla