Azərbaycanda Ceki Çanla filmə çəkilmək üçün könüllülər axtarılır- ARKA elan verdi

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Azərbaycanda həyata keçiriləcək beynəlxalq Hollivud film layihəsi üçün könüllülərin axtarıldığını elan edib. Agentliyin yaydığı elanın posterində dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanın fotosunun yer alması layihənin məşhur aktyorun iştirakı ilə çəkiləcəyi barədə yayılan məlumatları daha da gücləndirib.

Azpost.info bildirir ki, ARKA-nın məlumatına görə, beynəlxalq film layihəsində iştirak etmək üçün məsuliyyətli, aktiv və operativ düşünə bilən könüllülər axtarılır.

Namizədlərdən Azərbaycan, ingilis və rus dillərini bilmələri, məsuliyyətli və diqqətli olmaları, yüksək kommunikasiya və təşkilatçılıq bacarıqlarına malik olmaları, dinamik iş mühitində işləyə bilmələri, komanda ilə işləmələri və məxfilik qaydalarına riayət etmələri tələb olunur.

Kino Agentliyi beynəlxalq film layihəsinin bir hissəsi olmaq istəyən hər kəsi müraciət etməyə dəvət edib. Müraciətlər arka@culture.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə dünya şöhrətli aktyor Ceki Çanın avqustun əvvəlində Azərbaycana gələcəyi barədə məlumatlar yayılıb. İddialara görə, aktyor “Armour of God 4: The Ultimatum” filminin bəzi səhnələrinin çəkilişi üçün təxminən 10 gün Bakıda olacaq.

Məlumata əsasən, çəkilişlərin İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və paytaxtın mərkəzi küçələrində aparılması planlaşdırılır. Hazırda filmin çəkilişləri Qazaxıstanda davam edir və yaradıcı heyətin daha sonra işini Azərbaycanda davam etdirəcəyi bildirilir.

ARKA-nın rəsmi elanında filmin adı və Ceki Çanın iştirakı birbaşa qeyd olunmasa da, elan posterində aktyorun fotosundan istifadə edilməsi bu layihənin məhz onunla əlaqəli olduğu barədə iddiaları gücləndirir. Bununla belə, Ceki Çanın Azərbaycana səfəri və çəkilişlərlə bağlı hələlik rəsmi təsdiq verilməyib

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.