İlon Mask və Sukerberq bütöv məhəllələri satın alır –ABŞ milyarderlərində yeni trend

ABŞ-da milyarderlər arasında yeni tendensiya yaranıb. Onlar artıq təkcə dəbdəbəli malikanələr almaqla kifayətlənmir, ətrafdakı torpaq sahələrini və evləri də kütləvi şəkildə əldə edirlər. Bu tendensiya “Landmaxxing” (“torpaq sahəsini maksimum genişləndirmək”) adlandırılır.

Məsələn, Meta şirkətinin rəhbəri Mark Zukerberq 2011-ci ildən bəri Palo-Altodakı iqamətgahının ətrafında yerləşən azı 11 qonşu torpaq sahəsini almaq üçün 110 milyon dollardan çox vəsait xərcləyib.

Zukerberq və həyat yoldaşı Prissilla Çan nəhəng malikanələrinin altında sahəsi 650 kvadratmetr olan bunker tikdiriblər. Qonşular zarafatla bu bunkeri “Betmenin yuvası” adlandırırlar. Bunkerin tikintisi səkkiz il davam edib və bu müddətdə ərazidə səs-küy və daimi tıxaclar sakinlərin narazılığına səbəb olub.

Zukerberqə məxsus evlərdən birində övladları üçün özəl məktəb fəaliyyət göstərir. Lakin bu, formal olaraq mövcud qanunvericiliyin tələblərinə uyğun sayılmır.

Palo-Alto küçələrində tez-tez milyarderin mühafizəçilərinə rast gəlinir. Onlar səkilərdə patrul xidməti aparır və yerli sakinlərdən ərazidə nə etdiklərini soruşurlar. Qonşulardan biri The New York Times nəşrinə bildirib: “Onlar bu məhəlləni faktiki olaraq işğal ediblər.”

Oxşar strategiyanı ABŞ-ın digər milyarderləri də tətbiq edirlər.

Amazon şirkətinin qurucusu Ceff Bezos Floridadakı elit İndian Krik adasında bir neçə lüks villa alaraq burada nəhəng yaşayış kompleksi tikməyi planlaşdırır.

SpaceX rəhbəri İlon Mask isə Texasda daşınmaz əmlak almağı davam etdirir. Məqsədi ən azı 14 övladı və onların anaları üçün qapalı yaşayış kompleksi yaratmaqdır.

Ekspertlərin fikrincə, bu strategiya milyarderlərə təkcə şəxsi həyatlarını daha etibarlı qorumağa imkan vermir, həm də sahib olduqları torpaq sahələrinin bazar dəyərinin artmasına şərait yaradır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.