ABŞ ilə İran arasında silahlı qarşıdurma Fars körfəzi regionundakı monarxiyalar arasında ciddi fikir ayrılığına səbəb olub. Bölgə dövlətləri dəniz nəqliyyatının təhlükəsizliyini ümumi strateji məqsəd hesab etsələr də, hadisələrə qarşı vahid fəaliyyət planı hazırlaya bilmirlər.
Bu barədə Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, region ölkələri arasındakı fikir ayrılığının əsas səbəbləri kritik infrastrukturun İrandan asılılığı, zərbələrin vurduğu ziyanın miqyası və bəzi dövlətlərin alternativ enerji ixrac marşrutlarına malik olmasıdır.
OPEC-dən çıxış münasibətləri gərginləşdirib
Mənbələrin bildirdiyinə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması Səudiyyə Ərəbistanında ciddi narazılıq doğurub. Bu addım Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının fəaliyyətinə mənfi təsir göstərib və İranla, eləcə də Tehranın dəstəklədiyi silahlı qruplara qarşı koordinasiyalı siyasətin formalaşdırılmasını çətinləşdirib.
Region ölkələrinin mövqeləri fərqlənir
ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Maykl Ratninin sözlərinə görə, region dövlətləri İran məsələsində fərqli mövqe tutur.
Onun qiymətləndirməsinə əsasən Oman İrana daha yaxın mövqe nümayiş etdirir. Qətər dialoq və vasitəçilik rolunu oynayır, BƏƏ güc tətbiqinə daha meylli görünür. Səudiyyə Ərəbistanı isə daha ehtiyatlı və aralıq mövqe tutur.
Hörmüz boğazı bağlanarsa…
Ekspertlər bildirirlər ki, enerji ixracı baxımından da ölkələrin imkanları eyni deyil. Səudiyyə Ərəbistanı, BƏƏ və Oman Hörmüz boğazı bağlanacağı təqdirdə belə alternativ marşrutlarla neft və qaz ixracını davam etdirə bilər.
Qətər, Küveyt və Bəhreyn isə bu baxımdan daha həssas vəziyyətdədir. Bu səbəbdən ərəb ölkələri arasında bəzi dövlətlərin ümumi mövqedən kənara çıxaraq Tehranla ayrıca razılaşmalar əldə edə biləcəyi ilə bağlı narahatlıq artır.
ABŞ-dan təhlükəsizlik zəmanəti gözlənilir
Məqalədə qeyd olunur ki, Vaşinqtonun mövqeyi də regionda əlavə gərginlik yaradır.
Donald Tramp administrasiyası regional əməkdaşlığın genişləndirilməsindən danışsa da, ABŞ Müdafiə Nazirliyi uzunmüddətli hərbi qarşıdurmaya cəlb olunmaq istəmir və təhlükəsizlik məsuliyyətinin daha çox yerli müttəfiqlərin üzərinə düşməsinin tərəfdarıdır.
Bu yaxınlarda Bəhreyndə keçirilən sammitdə ABŞ dövlət katibi Marko Rubiodan Körfəz ölkələrinə daha sərt təhlükəsizlik təminatları təqdim etməsi istənilib. Bununla yanaşı, Qırmızı dəniz üzərindən alternativ nəqliyyat marşrutlarının yaradılması cəhdləri husilərin fəaliyyəti səbəbindən çətinləşir.
Politico-nun qeyd etdiyi kimi, ekspertlər hesab edirlər ki, böhranın həlli üçün əsas qərarlar hələ də ABŞ rəhbərliyindən asılı olaraq qalır.
N.TALIBOV