MEDİA İranın iki media qurumunun Azərbaycandakı fəaliyyətini qanunsuz elan etdi – AzTV ilə bağlı qərara cavab
Media İnkişafı Agentliyi (MEDİA) İranın bəzi xarici media qurumlarını, o cümlədən Azərbaycanın dövlət televiziyası AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsinə münasibət bildirib və qarşılıqlılıq prinsipi əsasında cavab addımlarını açıqlayıb.
Azpost.info xəbər verir ki, MEDİA-nın yaydığı bəyanatda İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına salması və həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsinin təəccüb doğurduğu qeyd olunub.
Agentlik vurğulayıb ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiqdir, lakin eyni zamanda qarşılıqlılıq prinsipini də tətbiq edir. Bəyanatda xatırladılıb ki, “Media haqqında” Qanunun 11.4-cü maddəsinə əsasən, Azərbaycan jurnalistlərinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin ölkənin jurnalistlərinə də Azərbaycanda analoji məhdudiyyətlər qoyula bilər.
Bu əsasla, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat apardığı bildirilən İranın “Səhər” televiziya kanalı və “Mehr” xəbər agentliyi, eləcə də onların nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz elan edilir.
“Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir”-deyə Bəyanatda vurğulanır.
MEDİA həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün media qurumlarını və jurnalistləri adıçəkilən İran media orqanları və onların nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.
Qurum bəyan edib ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməlidir.
Qeyd edək ki, Azpost.info hələ 23 iyul tarixində İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi barədə xəbəri ilk olaraq Azərbaycan mediasında gündəmə gətirmişdi. İndi isə MEDİA həmin qərara rəsmi münasibət bildirərək qarşılıqlılıq prinsipi əsasında konkret addımların atıldığını açıqlayıb.