Dunay çayı o qədər qurudu ki, mamontun qalıqları üzə çıxdı– Avropada fövqəladə vəziyyət /FOTO

Avropanın ən böyük çaylarından biri olan Dunayda suyun səviyyəsinin rekord həddə enməsi gözlənilməz nəticələrə səbəb olub. Bolqarıstanın şimal-şərqində, Ruse şəhəri yaxınlığında çayın dayazlaşan hissəsində buzlaq dövrünə aid mamontun qalıqları aşkar edilib.

Azpost.info-nun məlumatına görə, Regional Tarix Muzeyinin direktoru Nikolay Nenov AFP agentliyinə bildirib ki, tapılan alt çənə sümüyü və diş fraqmentlərinin çox yüksək ehtimalla buzlaq dövründə yaşamış gənc mamonta aid olduğu müəyyən edilib.

Onun sözlərinə görə, sümüklərin tünd rəngdə olması heyvanın uzun müddət bataqlıq ərazilərdə yaşadığını göstərir. Arxeoloqlar qeyd edirlər ki, qalıqların yaxşı vəziyyətdə qorunub saxlanılması nadir tapıntı hesab olunur.

Mütəxəssislər bildirirlər ki, son aylarda yağıntıların kəskin azalması və ardıcıl istilik dalğaları nəticəsində Dunay çayında suyun səviyyəsi may ayından etibarən bəzi hissələrdə tarixi minimuma düşüb.

Quraqlıq təkcə arxeoloji tapıntılarla deyil, enerji sektorunda da ciddi problemlər yaradıb. Rumıniyada Dunayda suyun azalması atom elektrik stansiyalarının soyutma sistemlərinə təsir göstərdiyi üçün iki nüvə reaktoru fəaliyyətini dayandırıb.

Elektrik enerjisi istehsalının azalması səbəbindən Rumıniya avqust ayı boyunca ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Rəsmi Buxarest axşam saatlarında artan elektrik tələbatını qarşılamaq məqsədilə Ukrayna, Yunanıstan və Bolqarıstanla elektrik enerjisinin idxalı üzrə danışıqlar aparır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.