Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı- Gömrük prosedurları sadələşdirilir

Azərbaycan və İran gömrük əməkdaşlığını genişləndirir – Yeni memorandum imzalanıb

İran və Azərbaycanın gömrük xidmətlərinin rəhbərləri gömrük əməkdaşlığının inkişafına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

İRNA agentliyinin məlumatına görə, sənədin əsas məqsədi iki ölkə arasında gömrük rəsmiləşdirilməsi prosedurlarını sadələşdirmək və sərhəddən yük daşımalarının daha sürətli həyata keçirilməsini təmin etməkdir.

İran tərəfi bildirib ki, Astara və Naxçıvan istiqamətlərində sərhəd körpülərinin tikintisinin başa çatdırılması sərhəd infrastrukturunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Bunun nəticəsində ticarət dövriyyəsinin artacağı, eləcə də yük avtomobillərinin sərhəddən keçidinin asanlaşacağı gözlənilir.

İran Gömrük Xidmətinin rəhbəri Əskəri qeyd edib ki, ölkə Prezidenti Azərbaycanla ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir və bu məsələ müxtəlif görüşlərdə dəfələrlə vurğulanıb.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarətin inkişafına mane olan əsas problemlərdən biri sərhəd-keçid məntəqələrində yaranan sıxlıq və yük avtomobillərinin maneəsiz hərəkətindəki çətinliklərdir. Əskəri bu problemlərin Azərbaycan və İranın birgə fəaliyyəti nəticəsində aradan qaldırıla biləcəyini bildirib.

Yeni memorandumun gömrük prosedurlarının sürətləndirilməsi və Azərbaycan–İran iqtisadi əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.