Səudiyyə Vəliəhdi Trampı İrana kütləvi zərbə endirməkdən çəkindirib- "New York Post" qəzeti

Seudiyye

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirmək planından imtina etməyə razı salıb.

Bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev rəhbəri vəliəhdin xahişini nəzərə alaraq, İranla qarşıdurmanın gedişini kökündən dəyişə biləcək kütləvi bombardman planını ləğv edib.

Məlumata əsasən, Ər-Riyad hazırda mürəkkəb təhlükəsizlik vəziyyəti ilə üz-üzədir. İran raket və pilotsuz uçuş aparatları vasitəsilə krallığa mütəmadi hücumlar həyata keçirərək ölkənin su və neft infrastrukturu üçün ciddi təhlükə yaradır. Münaqişə dövründə Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ hərbçiləri və hətta Yunanıstanın zenit-raket sistemləri tərəfindən təmin edilsə də, rəsmi Ər-Riyad fərqli siyasi xətt seçib.

Bildirilir ki, krallıq ABŞ-la sıx əməkdaşlığı gücləndirmək əvəzinə, Türkiyə, Misir və Pakistanın da daxil olduğu “STEP” adlı yeni regional ittifaqın formalaşdırılmasına üstünlük verir.

Məqalədə qeyd olunur ki, bu ölkələr formal olaraq Vaşinqtonun tərəfdaşları sayılsalar da, onların əsas məqsədi ABŞ maraqlarını deyil, İranın şiə rejimini zəiflədərək müsəlman dünyasında sünni təsirini gücləndirməkdir. Bununla yanaşı, onlar münaqişənin daha da genişlənməsini istəmir və diplomatik həll yolunun tərəfdarı olduqlarını bildirirlər.

Bununla belə, nəşr İranın diplomatik danışıqlarda real maraqlı olmadığını iddia edir. Məqalədə vurğulanır ki, Tehranla əldə oluna biləcək hər hansı razılaşmadan sonra Hörmüz boğazında və ya Fars körfəzi regionunda yeni gərginliklərin yaranması ehtimalı yüksək qiymətləndirilir.

Müəllif hesab edir ki, Səudiyyə Ərəbistanı yalnız təmkin çağırışları etməklə kifayətlənməməli, regionda təhlükəsizliyin təmin olunması üçün daha fəal mövqe sərgiləməlidir.

Yazıda qeyd olunur ki, ötən ay Səudiyyə Ərəbistanı İraqdakı İrana bağlı silahlı qruplaşmalara qarşı bir zərbə endirib. Bundan başqa, Qırmızı dənizdə gəmiçiliyə təhlükə yaranacağı halda, Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara hazırlıq görüldüyü barədə məlumatlar da var.

Nəşrin fikrincə, İran və onun dəstəklədiyi qüvvələr ABŞ və müttəfiqlərinə qarşı eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərdiyi şəraitdə Vaşinqton bu mübarizəni təkbaşına aparmamalıdır. Məqalədə Səudiyyə Ərəbistanının da İsrail kimi daha açıq şəkildə hərbi proseslərə qoşulmasının vacibliyi vurğulanır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.