Almaniyanın Kil Universiteti Ukraynaya göstərilən hərbi yardımın rəsmi açıqlanan həcmi ilə bağlı yeni statistika yayıb. Hesabata əsasən, müxtəlif silah növləri üzrə fərqli ölkələr liderlik edir.
Məlumata görə, tank tədarükündə Polşa birinci yerdədir. Rəsmi məlumatlara əsasən, Varşava Ukraynaya 254 tank göndərib. Sonrakı yerlərdə Niderland (86 tank), Almaniya (78 tank) və Danimarka (57 tank) qərarlaşıb. Avstraliya isə Ukraynaya 49 ədəd M1A1 Abrams tankı verib.
Artilleriya sistemlərinin tədarükündə Böyük Britaniya liderdir. London Ukraynaya 94 artilleriya qurğusu təqdim edib. ABŞ 90, İtaliya 40, Danimarka isə 37 artilleriya sistemi ilə siyahıda növbəti yerləri tutur.
Zirehli texnika üzrə isə ilk sırada ABŞ qərarlaşıb. Vaşinqtonun Ukraynaya 290 ədəd zirehli texnika göndərdiyi bildirilir. Almaniya 154, Danimarka 130, Böyük Britaniya isə 118 zirehli texnika ilə növbəti pillələrdə yer alır.
Hava hücumundan müdafiə (HHM) sistemlərinin təminatında da Almaniya ön sıralardadır. Berlin Ukraynaya 30 “Gepard” zenit qurğusu, 2 “Patriot” batareyası, 2 IRIS-T sistemi, həmçinin 500 “Stinger” raketi və ya buraxılış qurğusu təqdim edib.
ABŞ isə Ukraynaya 6 NASAMS sistemi, 8 Avenger zenit qurğusu, 1 Patriot batareyası və 423 “Stinger” raketi və ya buraxılış qurğusu göndərib.
Bununla yanaşı, araşdırma müəllifləri bildirirlər ki, təqdim olunan statistika yalnız rəsmi şəkildə açıqlanan məlumatlara əsaslanır. Bir sıra ölkələr Ukraynaya göstərdikləri hərbi yardımın həcmini açıqlamadığından, faktiki mənzərənin bundan fərqli ola biləcəyi istisna edilmir.