Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əməkdaşlığın daha bir uğurlu nəticəsi olaraq “Xarəzm baxşıçılığında epik məharət” (“Xorazm baxshichiligida epik mahorat”) adlı monoqrafiya Özbəkistanda nəşr olunub.
Monoqrafiyanın müəllifləri Özbəkistan Respublikası Urgenç Dövlət Universitetinin professoru,Xarəzm Müəllimlərin Təkmilləşdirmə Mərkəzinin direktor müavini Nəsibə Sabirova və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İctimai Birliyinin sədri Aynur İbrahimovadır.
160 səhifədən ibarət elmi nəşr 2026-cı ildə Buxara şəhərində “Kamolot” nəşriyyatında çap olunub. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Cabbor Eşonqulov, rəyçiləri isə professor Şomirza Turdimov, dosentlər Sənət Sarıyev və Abdumurod Tilovdur.
Kitabda Xarəzm epik ifaçılıq ənənəsinin yaranması və inkişaf mərhələləri, baxşı və xalfa sənətinin tarixi kökləri, ustad–şagird ənənələri, dastançılıq məktəbləri, qissəxanlığın şifahi epik ənənəyə təsiri, bölgəyə məxsus ifa üslubları və repertuar xüsusiyyətləri elmi əsaslarla araşdırılıb.
Monoqrafiyada vurğulanır ki, epos türk xalqlarının mənəvi yaddaşının ən mühüm daşıyıcılarından biridir və onun əsrlər boyu qorunub yaşadılmasında baxşılar və xalfalar əvəzsiz rol oynayıblar. Müəlliflər bu qədim sənətin dini-mərasim ənənələrindən başlayaraq müasir dövrədək keçdiyi inkişaf yolunu, epik ifaçılığın bədii-estetik xüsusiyyətlərini və türk dünyasının ortaq mədəni irsində tutduğu yeri müqayisəli şəkildə təhlil ediblər.
Nəşrdə həmçinin qeyd olunur ki, son illərdə qeyri-maddi mədəni irsin qorunması və yaşadılması istiqamətində həyata keçirilən dövlət siyasəti baxşılıq və xalfaçılıq sənətinin inkişafına yeni imkanlar açıb. Bu baxımdan monoqrafiya yalnız elmi araşdırma deyil, həm də türk xalqlarının ortaq mədəni irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm akademik əsər kimi dəyərləndirilir.
“Xarəzm baxşıçılığında epik məharət” monoqrafiyası Azərbaycan və Özbəkistan alimlərinin birgə elmi fəaliyyətinin uğurlu nümunəsi olmaqla yanaşı, folklorşünaslıq, türkologiya və qeyri-maddi mədəni irs sahəsində çalışan tədqiqatçılar üçün dəyərli elmi mənbədir.
Yeni nəşr Azərbaycan–Özbəkistan elmi əməkdaşlığının daha da möhkəmlənməsinə, ortaq türk irsinin beynəlxalq elmi müstəvidə tanıdılmasına və qeyri-maddi mədəni irsin qorunmasına mühüm töhfə verir.