ABŞ və İran arasında qarşıdurmanın uzanması və Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin qalması neft bazarını yenidən geosiyasi xəbərlərə həssas vəziyyətə gətirib. Avqustun 14-də Brent markalı neft 88 dollara yaxınlaşıb, WTI isə 82 dolları keçib.
Lakin bazarda paradoksal vəziyyət yaranıb: təchizat riski qiymətləri yuxarı çəkir, zəifləyən qlobal tələb və artan ABŞ ehtiyatları isə bahalaşmanın qarşısını alır.
Brent 88 dollar həddindədir
Avqustun 14-də Brent neftinin fyuçersləri təxminən 87,97 dollar, WTI isə 82,16 dollar səviyyəsində olub. Hər iki göstərici həftə ərzində təxminən 4 faiz bahalaşmağa hazırlaşır. Bu artım ABŞ-ın İrana qarşı dəniz blokadasını uzun müddət davam etdirə biləcəyi barədə açıqlamalar fonunda baş verib.
Lakin bir gün əvvəl bazarda tamamilə fərqli mənzərə müşahidə olunmuşdu. Brent 2 faizdən çox ucuzlaşaraq 87,07 dollara, WTI isə 81,25 dollara düşmüşdü. Buna əsas səbəb ABŞ-da neft ehtiyatlarının gözlənilmədən kəskin artması və aparıcı enerji qurumlarının qlobal tələb proqnozlarını aşağı salması idi.
Bu dəyişkənlik neft bazarının hazırda əsasən iki bir-birinə zidd qüvvənin təsiri altında olduğunu göstərir.
Hörmüz boğazı əsas risk olaraq qalır
Bazar üçün ən böyük təhlükə neftin hasilatından daha çox onun daşınması ilə bağlıdır.
Reuters-in Kpler məlumatlarına əsaslanan son məlumatına görə, avqustun 13-də Hörmüz boğazından xammal daşıyan cəmi 9 gəmi keçib. Bir gün əvvəl bu göstərici 5 olub. Bununla belə, avqust üzrə orta gündəlik göstərici 12 gəmi olduğundan, daşımalar hələ də normal səviyyədən aşağıdır.
ABŞ və İran arasında boğaz üzərində nəzarətlə bağlı qarşıdurmanın davam etməsi neft bazarında risk primiyasını yüksək saxlayır.
Bu səbəbdən bazar iştirakçıları yalnız “nə qədər neft hasil olunur?” sualına deyil, həm də “bu neft dünya bazarına necə çatacaq?” sualına cavab axtarırlar.
Asiya ölkələrinin alternativ mənbələrə yönəlməsi də bunu göstərir. Reuters-in məlumatına görə, bir sıra Asiya emalçıları Hörmüzdəki qeyri-müəyyənlik səbəbindən ABŞ-dan daha çox neft almağa başlayıblar. ABŞ-ın Asiyaya neft ixracı iyulda rekord səviyyəyə – gündə 2,35 milyon barrelə çatıb.
Tələb neftin bahalaşmasını məhdudlaşdırır
Digər tərəfdən, neftin qiymətinin 100 dollar və daha yuxarı səviyyələrə qalxmasının qarşısında ciddi iqtisadi maneə var: qlobal tələbin zəifləməsi.
Beynəlxalq Enerji Agentliyi (IEA) 2026-cı il üzrə neft tələbi proqnozunu aşağı salaraq, qlobal istehlakın gündə 1,6 milyon barrel azalacağını gözləyir. Eyni zamanda agentlik münaqişə səbəbindən qlobal neft təklifində də ciddi azalma proqnozlaşdırır.
OPEC isə daha fərqli mənzərə təqdim edir və 2026-cı ildə tələbin artacağını gözləyir, lakin proqnozunu gündə 580 min barrelə qədər azaldıb. Beləliklə, iki böyük enerji qurumunun qiymətləndirmələri arasında ciddi fərq yaranıb.
Bu fərq neft bazarının qarşısındakı əsas qeyri-müəyyənliyi göstərir: müharibənin yaratdığı təchizat itkisi tələbin zəifləməsindən daha böyük olacaq, yoxsa əksinə?
ABŞ ehtiyatlarının artması bazara təzyiq edir
Qiymətləri aşağı çəkən digər mühüm amil ABŞ-da kommersiya neft ehtiyatlarının kəskin artmasıdır.
Avqustun ilk həftəsində ABŞ neft ehtiyatları 17,4 milyon barrel artıb. Bu, 2023-cü ilin yanvarından bəri ən böyük həftəlik artım olub. Nəticədə ehtiyatların həcmi təxminən 424,4 milyon barrelə yüksəlib.
Normal bazar şəraitində belə böyük ehtiyat artımı neftin ucuzlaşmasına səbəb ola bilər. Lakin hazırda geosiyasi risklər o qədər yüksəkdir ki, ehtiyatların artması belə qiymətlərin kəskin aşağı düşməsinə tam imkan vermir.
100 dollar ssenarisi realdırmı?
Hazırkı vəziyyətdə Brent üçün 100 dollar həddi artıq nəzəri ssenari deyil. Lakin bunun reallaşması əsasən Hörmüz boğazında vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Əgər gəmiçilik daha da məhdudlaşsa, İranın neft infrastrukturu ilə bağlı yeni zərbələr baş versə və Körfəz ölkələrinin ixrac imkanları daha ciddi şəkildə pozulsa, təklif şoku qiymətləri 100 dollara yaxınlaşdıra və hətta bu səviyyəni keçə bilər.
Əksinə, ABŞ və İran arasında razılaşma əldə olunsa və Hörmüz boğazından daşımalar normallaşsa, hazırda qiymətə daxil edilmiş geosiyasi risk mükafatının əhəmiyyətli hissəsi aradan qalxa bilər.
Bu halda bazarda qiymətlərin sürətli enməsi mümkündür. Avqustun əvvəlində danışıqlarda irəliləyiş ehtimalı yarandıqda Brentin bir gündə 5 faizdən çox ucuzlaşması bunun nə qədər həssas bazar olduğunu göstərdi.
2027-ci ildə qiymətlər aşağı düşə bilərmi?
Burada proqnozlar arasında ciddi fərq var.
IEA-nın son qiymətləndirməsinə görə, əgər hərbi qarşıdurma səngisə və Hörmüz boğazından normal daşımalar bərpa olunsa, 2027-ci ildə təchizatın yenidən artması və bazarda ehtiyatların bərpası mümkündür.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 11 avqust tarixli proqnozu isə neft bazarında orta müddətdə daha aşağı qiymət perspektivini göstərir. Agentlik qlobal hasilatın tələbi üstələməsini və bunun ehtiyatların artmasına gətirib çıxarmasını gözləyir.
Deməli, müharibə başa çatdıqdan sonra neftin qiymətində aşağı istiqamətli təzyiq güclənə bilər.
Azərbaycan üçün nə deməkdir?
Neft qiymətlərinin 85-90 dollar diapazonunda qalması Azərbaycan üçün, ilk növbədə, ixrac gəlirləri baxımından əlverişli görünür. Lakin yüksək qiymətlərin davamlı olması yalnız müsbət nəticə demək deyil.
Uzunmüddətli yüksək neft qiymətləri qlobal inflyasiyanı gücləndirə, nəqliyyat və istehsal xərclərini artıra və dünya iqtisadiyyatının böyüməsini zəiflədə bilər.
Azərbaycan iqtisadiyyatı üçün daha vacib məsələ isə neftin qiymətinin bir neçə həftə yüksək qalması deyil, qiymətlərin uzun müddət hansı diapazonda formalaşmasıdır.
Hazırkı mənzərədə 100 dollar ssenarisinin əsas şərti qlobal tələbin artması yox, Yaxın Şərqdə yeni və daha böyük təchizat şokunun yaranmasıdır.
Neft bazarında hazırda istiqaməti iqtisadi göstəricilərdən çox geosiyasət müəyyən edir. Hörmüz boğazında daşımaların zəifləməsi və ABŞ-İran qarşıdurmasının uzanması Brent qiymətini 88 dollar ətrafında saxlayır. Digər tərəfdən, ABŞ ehtiyatlarının kəskin artması və qlobal neft tələbi ilə bağlı daha zəif proqnozlar qiymətin 90 dollardan yuxarı möhkəmlənməsinə mane olur.
Qısa müddətdə 90-100 dollar diapazonu risk olaraq qalır. Lakin Hörmüzdə vəziyyət normallaşarsa, 2027-ci ildə bazarda təklif artımı və tələbin zəifləməsi neft qiymətlərini yenidən aşağı istiqamətə yönəldə bilər.
Samir Abdulla