Trampdan impiçment həyəcanı –“Seçkini uduzsaq, məni vəzifədən uzaqlaşdıracaqlar”

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərinin nəticələri ilə bağlı tərəfdarlarına xəbərdarlıq edib. Tramp bildirib ki, respublikaçıların seçkilərdə məğlub olması halında demokratlar ona qarşı impiçment proseduruna başlaya bilərlər.

Azpost.info xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ prezidenti demokratların ona qarşı yenidən impiçment proseduruna başlamaq niyyətində ola biləcəyini bildirib. Trampın sözlərinə görə, demokratlar belə bir addım atmağa çalışa bilərlər, lakin bunun hansı əsasla ediləcəyini özlərinin də dəqiq bilmədiklərini deyib.

Donald Tramp ABŞ tarixində impiçment proseduru iki dəfə başladılan ilk prezidentdir. Hər iki proses onun ilk prezidentlik dövründə – 2019 və 2021-ci illərdə baş verib. Lakin həmin impiçment cəhdləri ABŞ Senatında rədd edilib və Tramp vəzifəsində qalıb.

Bu arada, demokratların noyabr seçkilərindən sonra mümkün fəaliyyət planı ilə bağlı yeni məlumatlar yayılıb. “The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə Tramp administrasiyasının müxtəlif sahələrdəki fəaliyyətinə dair genişmiqyaslı araşdırmalara başlamağa hazırlaşırlar.

Məlumata görə, demokratlar artıq araşdırılması planlaşdırılan təxminən 12 əsas istiqamət müəyyənləşdiriblər.

Araşdırmaların ABŞ-ın İrana qarşı hərbi əməliyyatından başlayaraq Donald Tramp və ailə üzvlərinin biznes fəaliyyəti, Ağ Evdə bal zalının tikintisi, Trampın pedofillikdə ittiham olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələri və immiqrasiya qurumlarının fəaliyyəti ilə bağlı məsələləri əhatə edə biləcəyi bildirilir.

Bununla belə, demokratlar arasında Trampa qarşı birbaşa impiçment prosedurunun başlanması məsələsində hələlik tam razılıq əldə olunmayıb. Yəni Nümayəndələr Palatasında çoxluğun qazanılması avtomatik olaraq impiçment prosesinin başlayacağı anlamına gəlmir.

Qəzetin məlumatına görə, Ağ Ev də mümkün ssenarilərə hazırlaşır. Administrasiyanın hüquqşünasları artıq nazirləri və prezidentin müşavirlərini Konqresdən gələcək mümkün ifadə tələbləri barədə məlumatlandırıblar. Onlara bu cür sorğulara və Konqres qarşısında mümkün ifadə çağırışlarına necə cavab verməli olduqları ilə bağlı təlimatlar verilib.

Noyabr seçkiləri ABŞ-ın daxili siyasi balansı baxımından Tramp administrasiyası üçün kritik əhəmiyyət daşıyır. Məlumata görə, Nümayəndələr Palatasında çoxluğu təmin etmək üçün demokratlara cəmi bir neçə əlavə yer qazanmaq kifayətdir.

Respublikaçıların nəzarətində olan Senatda isə seçki mübarizəsinin nəticəsini proqnozlaşdırmaq daha çətindir.

Əgər demokratlar Nümayəndələr Palatasında çoxluğu geri qaytara bilsələr, Tramp administrasiyası üçün yeni siyasi qarşıdurma dövrü başlaya bilər. Demokratların nəzərdə tutduğu araşdırmaların nəticələri isə gələcəkdə impiçment məsələsinin yenidən ABŞ siyasətinin əsas gündəmlərindən birinə çevrilməsi ehtimalını artırır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.