Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq yeni mərhələyə keçir. İki ölkənin əməkdaşlığı artıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, regional inteqrasiya, Orta dəhliz və Xəzər üzərindən yeni nəqliyyat-logistika imkanlarının formalaşdırılmasına yönəlir.
Azpost.info xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Mirziyoyev deyib ki, Bakı və Daşkənd regional konsolidasiyanın və əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, hər iki paytaxt regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir.
Özbəkistan Prezidenti Azərbaycanın məsləhətləşmə görüşləri formatına qoşulmasının iki region arasında iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb.
“Birgə səylərimiz nəticəsində biz faktiki olaraq yeni geoiqtisadi reallıq, birgə inkişaf üçün böyük potensiala malik vahid və özünütəmin edən makroregion formalaşdırırıq”, – deyə Şavkat Mirziyoyev bildirib.
Prezident qeyd edib ki, Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlığının bütün istiqamətləri diqqətlə nəzərdən keçirilib. Onun sözlərinə görə, tərəflərin qarşılıqlı siyasi iradəsi mövcuddur və qarşıdakı dövrdə iri, sıçrayış xarakterli layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Xəzərdə ayrıca Özbəkistan-Azərbaycan dəhlizi
Mirziyoyev çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığa da xüsusi diqqət çəkib. O bildirib ki, Özbəkistan və Azərbaycan Orta dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasını sürətləndirməlidir.
Bu məsələni Prezident İlham Əliyevlə dar tərkibdə keçirilən görüşdə də müzakirə etdiyini bildirən Özbəkistan lideri prosesin sürətləndirilməsinin vacibliyini qeyd edib.
“Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, – deyə Mirziyoyev bildirib.
Beləliklə, Bakı ilə Daşkənd arasında əməkdaşlığın yeni mərhələsi təkcə siyasi və iqtisadi münasibətlərin dərinləşdirilməsini deyil, həm də Xəzər və Orta dəhliz üzərindən vahid nəqliyyat-logistika məkanının formalaşdırılmasını hədəfləyir. Bu isə Azərbaycan və Özbəkistanın daha geniş regionda geoiqtisadi rolunu gücləndirə bilər.