Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin neft şirkətlərinin ABŞ-yə dizel yanacağının tədarükünə hazır olduğunu deyib.
Aleksandr Novak bu barədə Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-yə dizel yanacağının tədarükü məsələsinə münasibət bildirən Baş nazirin müavini qeyd edib ki, bunun üçün müqavilə imzalanmalı, yanacaq gəmiyə yüklənməli, gəmi icarəyə götürülməli və məhsul istehlakçıya çatdırılmalıdır.
“Bütün bu proses 2-3 həftə çəkir. Buna görə də razılaşmalar daha tez imzalanmalıdır. Müqavilələr imzalandıqdan sonra ilk tədarüklər ən tez 2-3 həftə ərzində həyata keçirilə bilər”, – deyə o vurğulayıb.
O, Rusiya neft şirkətlərinin tədarükə başlamağa hazır olduğunu diqqətə çatdırıb: “Şirkətlərimiz istənilən vaxt tədarükə başlamağa hazırdır. Hazırda kommersiya şərtləri ilə bağlı danışıqlar aparılır”.
A.Novak Rusiya dizel yanacağına ABŞ-dən başqa ölkələrin də maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Rusiya dizel yanacağına dünya bazarında tələbat var və digər istehlakçılar da bu məhsulla maraqlanırlar.
ABŞ-yə satılacaq dizel yanacağının qiymətinin bazar şərtlərinə uyğun, yoxsa güzəştlə müəyyənləşdiriləcəyi ilə bağlı suala cavabında A.Novak bunun kommersiya danışıqlarının mövzusu olduğunu deyib.
Baş nazirin müavini, həmçinin ABŞ-nin Rusiya dizel yanacağının idxalına dair lisenziyanın müddətinin 2027-ci ilin aprelindən sonra uzadılması məsələsi ilə bağlı hələlik müzakirələrin aparılmadığını bildirib.
“Uzatma məsələsini müzakirə etmək hələ tezdir. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”, – deyə A.Novak əlavə edib.