ABŞ İranla yeni müharibəyə hazırlaşır?– Konqres spikerindən açıqlama

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson İranla hərbi qarşıdurmanın yenidən başlaya biləcəyini açıqlayıb.

Bu barədə Fox News məlumat yayıb.

Conson bildirib ki, ABŞ yaxın vaxtlarda İranla müharibənin yeni mərhələsinin başlamasını gözləyir və Vaşinqton qarşıdurmanı başa çatdırmaq üçün fəaliyyətini davam etdirəcək.

“İranla yeni müharibə mərhələsinin tezliklə başlayacağını gözləyirik və onu başa çatdırmaq üçün işləməyə davam edəcəyik. Danışıqlar zamanı iranlılara etibar etmək olmaz. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq bütün əvvəlki administrasiyaların məqsədi olub və Prezident Tramp buna nail olub”, – deyə Conson bildirib.

ABŞ İrana qarşı iqtisadi təzyiqi artırır

Bundan əvvəl ABŞ administrasiyası İranla qarşıdurmanın yeni mərhələyə keçdiyini açıqlamışdı. Vaşinqton bu mərhələdə əsas vasitə kimi iqtisadi təzyiqin gücləndirilməsinə üstünlük verir.

ABŞ vitse-prezidenti Cey Di Vens bu yanaşmanı Tehrana qarşı ən təsirli rıçaqlardan biri adlandırıb.

Onun sözlərinə görə, İranın Hörmüz boğazından istifadə etməklə dünya iqtisadiyyatına təzyiq göstərmək imkanları əhəmiyyətli dərəcədə azalıb.

Vens bildirib ki, Tehran qarşısında seçim dayanır: İran iqtisadi məhdudiyyətlərin daha da sərtləşməsi ilə barışmağa davam edəcək, yoxsa Qərblə münasibətləri bərpa etmək istiqamətində addım atacaq.

İran hərbi strategiyasını dəyişir

Bununla yanaşı, İranın ABŞ ilə davam edən qarşıdurma və neft ixracının azalması fonunda hərbi strategiyasına düzəliş etdiyi bildirilir.

Məlumata görə, Tehran müdafiə yönümlü yanaşmadan daha fəal hücum taktikasına keçidi nəzərdən keçirir.

Hörmüz boğazı isə İran üçün əsas geosiyasi rıçaqlardan biri olaraq qalır. Tehran bu strateji su yolundan xarici siyasət məqsədlərinə nail olmaq üçün istifadə edə bilər.

ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən başlayacağı ilə bağlı açıqlamalar fonunda regionda vəziyyətin necə inkişaf edəcəyi əsas suallardan biri olaraq qalır.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.