ABŞ Yaxın Şərqə 5 min hərbçi ilə nəhəng aviadaşıyıcı göndərir– İranla gərginlik artır

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaqda davam edir. Yaxın həftələrdə strateji əhəmiyyətli bölgəyə USS Theodore Roosevelt (CVN-71) nüvə enerjili aviadaşıyıcısının rəhbərlik etdiyi güclü aviadaşıyıcı zərbə qrupu göndəriləcək. Qrupun tərkibində və onu müşayiət edən qüvvələrdə təxminən 5 min hərbçi yer alacaq.

Bu barədə USNI News məlumat yayıb.

“Teodor Ruzvelt” bölgəyə gedir

Aviadaşıyıcı San-Diyeqodakı daimi bazasından ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına doğru hərəkət edəcək. Beşinci Donanmanın fəaliyyət göstərdiyi ərazidə “Teodor Ruzvelt” bir həftə əvvəl bölgəyə gəlmiş “George Washington” aviadaşıyıcısını əvəzləyəcək.

ABŞ İranla qarşıdurmanın 28 fevralda kəskinləşməsindən sonra Ərəb dənizində fasiləsiz aviadaşıyıcı mövcudluğunu qoruyur.

Yeni dislokasiya “Theodore Roosevelt”in Havay adaları yaxınlığında keçirilən RIMPAC-2026 beynəlxalq təlimlərində iştirakından dərhal sonra həyata keçirilir.

Aviadaşıyıcının Yaxın Şərqə göndərilməsi Tehranla qarşıdurmanın, dəniz blokadasının və strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yüksək gərginliyin davam etdiyi bir vaxtda baş verir.

ABŞ-ın ən məşhur aviadaşıyıcılarından biri

Nüvə enerjili “Theodore Roosevelt” “Nimitz” sinfinin dördüncü aviadaşıyıcısıdır və ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin adını daşıyır.

Gəminin inşasına təxminən 4,5 milyard dollar xərclənib. Onun təməli 1980-ci ilin oktyabrında qoyulub, 1985-ci ildə suya buraxılıb və 1986-cı ilin oktyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.

Xidmətə başladığı gündən “Theodore Roosevelt” ABŞ donanmasının ən aktiv istifadə olunan aviadaşıyıcılarından biri hesab edilir.

Gəmi 1991-ci ildə “Səhrada fırtına” əməliyyatında iştirak edib və bu zaman digər aviadaşıyıcılar arasında rekord sayda – 4 200 döyüş uçuşu həyata keçirib.

1999-cu ildə Yuqoslaviyaya qarşı əməliyyat zamanı isə aviadaşıyıcıdan 4 270 uçuş həyata keçirilib.

Gəmi daha sonra İraq müharibəsində və “Sarsılmaz azadlıq” əməliyyatında da iştirak edib.

2007-ci ildə aviadaşıyıcı genişmiqyaslı modernləşmədən keçirilib, bort sistemləri yenilənib və onun xidmət müddəti uzadılıb.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.