Britaniyalı ekspert Şuşada gördüklərini paylaşdı –“Məhəllə necə də canlanıb!” / FOTO

“Chapman Taylor” beynəlxalq məsləhətçi şirkətinin İdarə Heyətinin üzvü Marselina Zielinska Qarabağa növbəti səfəri zamanı Şuşada gördükləri ilə bağlı təəssüratlarını bölüşüb.

Zielinska “LinkedIn” hesabında etdiyi paylaşımda şirkət mütəxəssislərinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə Şuşada həyata keçirilən layihələrin icra vəziyyəti ilə tanış olduqlarını bildirib.

Onun sözlərinə görə, şəhərdə aparılan bərpa və quruculuq işlərinin nəticələri artıq özünü göstərir. Eyni zamanda Şuşanın Baş planında nəzərdə tutulan şəhərsalma həlləri mərhələli şəkildə həyata keçirilir. Britaniyalı ekspert şəhərin ilk yaşayış məhəllələrindən birində yaranan yeni həyata xüsusi diqqət çəkib.

O bildirib ki, həmin ərazidə artıq ailələr məskunlaşıb. Məhəllədə supermarket, aptek və iki gözəllik salonu da daxil olmaqla müxtəlif ticarət və xidmət obyektləri fəaliyyət göstərir. “Məhəllənin necə canlandığını görmək düşünülmüş planlaşdırma və dizaynın cəmiyyətə göstərdiyi təsirin sübutudur”, – Zielinska qeyd edib.

Ekspert Şuşanın əsas ictimai və ticarət məkanlarından birinə çevrilən Qarabağ küçəsi barədə də yazıb. Onun sözlərinə görə, küçə üçün hazırlanmış konsepsiyanın icrası artıq yekunlaşmaq üzrədir. Kommersiya obyektlərinin hamısı hələ fəaliyyətə başlamasa da, küçə artıq işıqlı və canlı görünür, piyadalar tərəfindən fəal istifadə olunur.

Küçənin memarlıq tərtibatında yerli təbii daşlardan istifadə edilib. Ərazi piyadalar və nəqliyyat vasitələri üçün vahid məkan – “shared space” prinsipi əsasında təşkil olunub. Bu yanaşmanın daha rahat, təhlükəsiz və insan yönümlü şəhər mühitinin formalaşdırılmasına xidmət etdiyi vurğulanıb.

Qeyd edək ki, sözügedən layihələr Şuşanın kompleks şəhərsalma inkişafının tərkib hissəsidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Chapman Taylor” və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənəd 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.

506 hektar ərazini əhatə edən Baş plan Şuşanın tarixi-memarlıq kimliyinin və unikal təbii landşaftının qorunmasını, eyni zamanda müasir şəhərsalma həllərinin tətbiqini nəzərdə tutur. Planın əsas istiqamətlərindən biri “15 dəqiqəlik şəhər” konsepsiyasıdır. Bu yanaşmaya əsasən sakinlərin gündəlik tələbatlarını yaşayış məhəllələrinin yaxınlığında qarşılaması üçün zəruri xidmət və obyektlərin əlçatan olması nəzərdə tutulur.

Müasir nəqliyyat həlləri, keyfiyyətli ictimai məkanlar və ekoloji infrastruktur da Baş planın əsas istiqamətləri sırasındadır. Şuşada artıq tam elektrikləşdirilmiş ictimai nəqliyyatın tətbiqi, yeraltı tullantı toplama və çeşidləmə sistemi kimi layihələr həyata keçirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.