Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın enerji asılılığının qitənin rəqabət qabiliyyətinə və müstəqilliyinə ciddi təsir göstərdiyini bildirib.
O, Fransa Sahibkarlar Təşkilatının (MEDEF) üzvləri ilə görüşündə Avropanın enerji qiymətlərinin hələ də ABŞ və Çinlə müqayisədə iki-üç dəfə yüksək olduğunu deyib.
Fon der Lyayenin sözlərinə görə, Avropada istifadə olunan enerjinin yarıdan çoxu hələ də idxal olunan qazıntı yanacaqlarından əldə edilir. Bu vəziyyət isə Avropa iqtisadiyyatı üçün ciddi maliyyə yükü yaradır.
“Yaxın Şərqdəki böhranın başlanmasından bəri bu asılılıq bizə artıq 50 milyard avrodan çox əlavə xərcə başa gəlib. Halbuki biz əlavə olaraq bir molekul belə enerji almamışıq”, – deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Avropa enerji idxalından necə qurtulmaq istəyir?
Fon der Lyayen hesab edir ki, Avropa enerji təhlükəsizliyini və iqtisadi müstəqilliyini gücləndirmək üçün özünün aşağıkarbonlu enerji istehsalını artırmalıdır.
Onun sözlərinə görə, bərpaolunan və nüvə enerjisinin hesabına Avropada istehsal olunan elektrik enerjisinin artıq 70 faizdən çoxu aşağıkarbonlu mənbələrdən əldə edilir.
Lakin problem yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşmır. Fon der Lyayen bildirib ki, elektrik enerjisi hazırda Avropanın yekun enerji istehlakının cəmi dörddə birini təşkil edir.
Bu səbəbdən sənaye, nəqliyyat və binalarda elektrikləşmənin sürətləndirilməsi əsas prioritetlərdən biri kimi qarşıya qoyulur.
“İqtisadiyyatımızın elektrikləşdirilməsi fosil yanacaq idxalımızı azaltmaq və müstəqilliyimizi gücləndirmək deməkdir”, – Fon der Lyayen deyib.
Avropanın enerji siyasətində yeni mərhələ
Avropa Komissiyasının rəhbəri bu məqsədlə yeni qəbul edilmiş Elektrikləşdirmə üzrə Fəaliyyət Planının əhəmiyyətini də vurğulayıb.
Avropa üçün məsələ təkcə enerji qiymətlərinin aşağı salınması deyil. Enerji idxalından yüksək asılılıq qlobal böhranlar, müharibələr və geosiyasi gərginlik zamanı Avropa iqtisadiyyatını xarici təsirlərə daha həssas edir.
Fon der Lyayenin açıqlamasından görünür ki, Brüssel enerji siyasətində əsas istiqamətlərdən biri kimi bərpaolunan və nüvə enerjisinin genişləndirilməsini, sənaye və nəqliyyatın elektrikləşdirilməsini və fosil yanacaq idxalının azaldılmasını qarşıya qoyur.
Bu yanaşma Avropanın həm enerji xərclərini azaltmaq, həm də uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini və iqtisadi rəqabət qabiliyyətini gücləndirmək cəhdidir.