Tramp CIA direktorunu gizli mesajla Moskvaya göndərib –Rusiya qarşısında 2 tələb

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffi danışıqlar aparmaq üçün şəxsən Moskvaya göndərib.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəhbəri Retkliffin Rusiyaya hansı mesajla getdiyi barədə əvvəlcədən hətta yaxın köməkçilərini və yüksək rütbəli hərbçiləri də məlumatlandırmayıb. Nəticədə onlar MKİ direktorunun Moskvaya hansı tapşırıqla göndərildiyindən xəbərsiz olublar.

The New York Times (NYT) qəzetinə səfərin gedişi barədə məlumat verən mənbələr isə bildiriblər ki, Retkliff Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşüb.

İddiaya görə, MKİ rəhbəri Ukraynada cəbhədəki vəziyyətlə bağlı “bədbin” qiymətləndirmə təqdim edib və Rusiyanın hərbi və iqtisadi vəziyyəti daha da pisləşməmişdən əvvəl müharibənin dayandırılması barədə razılaşma əldə etməyə çağırıb.

NYT-nin mənbələrinin bildirdiyinə görə, Retkliff FTX rəhbəri ilə görüşməzdən əvvəl Ukrayna tərəfi ilə də danışıqlar aparıb. O, Kiyevə Moskvanın mövqeyini öyrənəcəyini və Ukraynaya güzəştə getmək niyyətində olmadığını bildirib.

MKİ direktoru avqustun 25-də gözlənilmədən Rusiyaya səfər edib. Rusiya Prezidenti Administrasiyası əvvəlcə Vnukovo hava limanına enən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən xəbəri olmadığını bildirib. Daha sonra isə Retkliffin Rusiyaya “xüsusi xidmət orqanları arasında təmaslar” üçün gəldiyini təsdiqləyib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin də MKİ direktoru ilə görüşdüyünü açıqlayıb. Onun sözlərinə görə, tərəflər kəşfiyyat xidmətlərinin səlahiyyətlərinə aid olan “bir sıra məsələləri” müzakirə ediblər.

Bundan əvvəl WSJPolitico mənbələrə istinadən yazmışdı ki, Retkliff Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlərində Moskvanı NATO ölkələrinə hücumdan çəkindirib.

Söhbət xüsusilə Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvaya qarşı hər hansı aqressiyanın yolverilməzliyindən gedib.

Bundan başqa, MKİ rəhbəri Rusiyanı İrana hərbi və iqtisadi dəstək göstərməməyə çağırıb.

Donald Tramp isə Retkliffin Rusiyaya səfərini “adi işgüzar görüş” adlandırıb.

Lakin MKİ direktoru Vaşinqtona qayıtdıqdan sonra Ağ Ev rəhbərinin güc strukturlarının rəhbərləri ilə keçirdiyi qapalı toplantıya qatılıb. Görüşdə Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib.

Görüşün təxminən üç saat davam etdiyi bildirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.