Azərbaycan Yəhudi Media Mərkəzinin saytı qanunsuz hesab edildi –MEDİA bəyanat verdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) bəzi informasiya resurslarının müxtəlif icmaların adından çıxış edərək özlərini həmin milli azlıqların maraqlarını təmsil edən media subyekti kimi təqdim etməsinə münasibət bildirib.

Agentliyin bəyanatında qeyd olunur ki, Azərbaycanda media fəaliyyəti həyata keçirən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə əməl etməli və “Media Reyestri” İnformasiya Sistemində mövcud olmalıdırlar.

MEDİA konkret olaraq “Ajmedia.news” veb-saytının fəaliyyətinə diqqət çəkib.

Bəyanatda bildirilir ki, özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” “Media Reyestri” İnformasiya Sistemində mövcud deyil.

Agentliyin məlumatına görə, sözügedən saytın yayımladığı materiallarda media etikası tələblərinə də riayət olunmayıb.

MEDİA həmçinin bildirib ki, “Media haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar “Ajmedia.news” barəsində məhkəmə tərəfindən müvafiq qərar qəbul edilib və resursun fəaliyyəti qanunsuz hesab olunub.

Agentlik bəyan edib ki, hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən media subyektləri də qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

Bununla yanaşı, belə resursların öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat təqdim etməsinin vacibliyi vurğulanıb.

MEDİA Agentliyi bununla bir daha xatırladıb ki, müəyyən bir milli azlığın və ya sosial qrupun adından çıxış etmək media subyektini Azərbaycan qanunvericiliyinin tələblərindən azad etmir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.