Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Rəqəmsal rabitə” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Yeni sistem informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya və poçt sahələrində tənzimləmə və nəzarətin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini, həmçinin dövlət qurumları ilə digər təşkilatlar və vətəndaşlar arasında əlaqələrin operativliyini və səmərəliliyini artırmağı hədəfləyir.
Yeni sistem nə üçün yaradılıb?
Fərmana əsasən, “Rəqəmsal rabitə” informasiya sistemi (RRİS) dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə, xidmətlərin şəffaflığının artırılmasına və məlumatların sistemli şəkildə saxlanılaraq əlçatan olmasına xidmət edəcək. Sistem mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər, digər büdcə təşkilatları, yerli özünüidarəetmə orqanları, eləcə də fiziki və hüquqi şəxslərlə əlaqələrin daha səmərəli qurulmasını nəzərdə tutur.
Bu mexanizm rabitə və telekommunikasiya sahəsində məlumatların idarə edilməsinin təkmilləşdirilməsinə, müvafiq xidmətlərin göstərilməsinin və nəzarət proseslərinin rəqəmsallaşdırılmasına imkan yaradacaq.
Sistemi hansı qurumlar idarə edəcək?
Fərmana görə, RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirəcək.
Nazirlik sistemin yaradılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Məlumatlar “Hökumət buludu”nda yerləşdiriləcək
Fərmanda sistemin Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq yerləşdirilməsi, idarə olunması və təkmilləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, RRİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görüləcək.
Rəqəmsal rabitə sistemi üzrə məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək üçün də zəruri tədbirlər həyata keçirilməlidir.
Nazirlər Kabinetinə və digər qurumlara tapşırıqlar verilib
Fərmana əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı mövcud tələblərdən irəli gələn tədbirləri təmin etməlidir.
Yeni sistemin tətbiqi dövlət qurumları arasında məlumat mübadiləsinin vahid mexanizm əsasında təşkilinə və rəqəmsal xidmətlərin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlib.