Norveçin yeni kralı VIII Haakon atası Kral Haraldın vəfatından sonra şənbə günü axşam ilk dəfə çıxış edəcək.
Yerli vaxtla saat 19:00-a planlaşdırılan monarxın müraciəti mərhum kralın xatirəsinə həsr olunacaq. Bu cür çıxış ənənə hesab olunur və hakimiyyətin yeni monarxa ötürülməsinin başlanğıcını ifadə edir.
Son sutka ərzində on minlərlə norveçli Kral Haraldın xatirəsini yad etmək üçün Kral Sarayının qarşısına gül dəstələri və açıqcalar gətirib. Məlumata görə, azı 20 min nəfər başsağlığı verib.
Kral Haakon həm də Norveç Kilsəsinin, Stortinqin (parlamentin) nümayəndələri və Ali Məhkəmənin rəhbərliyi ilə görüşəcək. Yeni monarx çərşənbə axşamı parlament qarşısında and içəcək və ölkəni Norveçin Konstitusiyasına və qanunlarına uyğun idarə edəcəyinə söz verəcək. Tacqoyma mərasimi keçirilməyəcək; belə ki, Stortinq bu mərasimi hələ 1908-ci ildə ləğv edib.
Kral Haraldın cəsədinin olduğu tabut Kral Sarayına gətirilib. Daha sonra vətəndaşlara monarxla vidalaşmaq imkanı yaradılacaq, lakin bunun dəqiq tarixi hələ açıqlanmayıb.
Norveçdə Kral Haraldın dəfn mərasiminədək davam edəcək milli matəm elan olunub. Mərasimin tarixi hələ açıqlanmayıb.