Şimali Kipr sahillərində sərnişin daşıyan gəmi batıb. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 172 nəfər isə xilas edilib.
Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, hadisə Girnə şəhəri sahillərində baş verib.
Özəl şirkətə məxsus sərnişin gəmisi Girnə limanından ayrıldıqdan qısa müddət sonra sahildən təxminən 4 mil, yəni 6,44 kilometr məsafədə əvvəlcə yan tərəfə yatıb. Daha sonra gəmi sürətlə batıb.
Məlumata görə, gəmi Girnə-Mersin marşrutu üzrə hərəkət edirmiş.
Gəmidə 267 nəfər olub
Hadisə zamanı gəmidə ümumilikdə 267 nəfərin olduğu bildirilir. Onlardan 8-i heyət üzvü, 259-u isə sərnişin olub.
Gəminin batmasından sonra dərhal genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel indiyədək 172 nəfərin xilas edildiyini, 6 nəfərin həyatını itirdiyini açıqlayıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Gəmi niyə batıb?
ŞKTC Baş naziri Ünal Üstel hadisənin ilkin səbəbi ilə bağlı ehtimalı da açıqlayıb.
Onun sözlərinə görə, gəmi ilk dalğanın zərbəsindən sonra təhlükəli vəziyyətə düşüb. Kapitan və heyət gəmini idarə etməyə və vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, ikinci dalğanın zərbəsi nəticəsində gəmiyə su dolmağa başlayıb.
NTV-nin məlumatına görə, gəmi əvvəlcə yan tərəfə yatıb, daha sonra isə tamamilə çevrilərək batıb.
Gəminin çevrilməsi sərnişinlərin bir hissəsinin göyərtədən çıxmasını çətinləşdirmiş ola bilər. Bu amilin ölənlərin sayının artmasına səbəb ola biləcəyi ehtimal edilir.
Hadisənin dəqiq səbəblərinin və gəminin batmasına hansı amillərin təsir etdiyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.