Zelenski Rusiyanın neft zavodlarına zərbələri bərpa edir –“Artıq bəsdir”

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir.

Bu barədə ölkə prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Qadağa götürülüb. Artıq bəsdir”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Kiyev ABŞ prezidenti Donald Trampın xahişi ilə enerji obyektlərinə qarşı hücumları dayandırmağa və enerji atəşkəsinə razılıq verib. Lakin Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri davam etdirib. Nəticədə son bir həftə ərzində 100-dən çox dinc sakin həlak olub.

Zelenski qeyd edib ki, neft emalı zavodlarına hücumlara fasilə verilməsinə baxmayaraq, Ukrayna ordusu Rusiyanın ballistik raket hücumları barədə ABŞ-dən əvvəlcədən xəbərdarlıqlar almayıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələri üçün Amerikanın “Starlink” peyk rabitəsi şəbəkəsinin fəaliyyəti yavaşladılıb. Bu, cəbhədə əməliyyatların aparılmasını və düşmənin hərbi obyektlərinə orta mənzilli zərbələrin endirilməsini çətinləşdirib.

Ukrayna liderinin sözlərinə görə, ABŞ neft emalı zavodlarına hücumlar davam edəcəyi təqdirdə kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdıracağı barədə xəbərdarlıq edib. Lakin sonradan baş verənləri texniki nasazlıqla əlaqələndirib.

“Bu, texniki problem deyil, istəksizlik idi… Şübhəsiz ki, onlar nə etdiklərini çox yaxşı bilirdilər”, – deyə Zelenski vurğulayıb.

Bununla yanaşı, o bildirib ki, Rusiya Ukraynaya hücumlarını dayandırmasa belə, Kiyev ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər almaq müqabilində Rusiyanın neft emalı zavodlarına zərbələrdən imtina edə bilər.

Zelenski bunu Ukraynanın irəli sürdüyü minimum şərt adlandırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.