Aktyor, Əməkdar artist Abbas Qəhrəmanov “525-ci qəzet”ə müsahibə verib.
Azpost.info müsahibəni təqdim edir:
– Elə bilirəm, bu dəqiqə üstümə qışqıracaqsınız?
– Niyə ki?
– Çox zəhmli görünüşünüz var. Bəlkə də məhz fakturanıza görə, sizi həmişə ciddi rollarda görürük.
– “Mikrorayon”da da çox mülayim baba idim.
– O babaya da çox mülayim demək olmazdı, əslində.
– Axı məndə ətrafa qarşı aqressiya yoxdur. Ancaq narazılıq var. Ətrafım məni narahat edir. Həm də çox. Yaradıcılıqda çox sayğısızlıq, hörmətsizlik görürəm. Mən heç kimə hörmətsizlik etmək istəmirəm, özümü saxlayıram. Artıq-əskik söhbətlərə yol vermirəm. Bəlkə də məndə gördüyünüz bunun əks-sədasıdır. Çünki yaşadıqlarımı içimdə gəzdirirəm.
– Sayğısızlıq edənlər kimlərdir?
– Daha çox gənc nəsil. Həm teatrda, həm də kinoda görürəm bunu. Mən də gənc olanda öncəki nəsildən təzyiq hiss edirdim, zərbələr də almışam, amma arada müəyyən sərhəd vardı. Əlbəttə, az sayda olsa da, yaxşı gənclər də var, ancaq əksəriyyəti “mənəm-mənəm” deyir, adamla yarışır. Öyrənmək lazımdır, yarışmaq yox. Əgər öyrənmək istəmirsənsə, çəkil qırağa. Bəlkə də məndə aqressiya yaradan məhz bunlardır.
– Bu aqressiya yalnız yaradıcılıq müstəvisindədir, yoxsa şəxsi həyata da aiddir?
– Hə. Ətrafımdakılar çətin situasiyalarında mənə xəyanət ediblər.
– Çox xəyanət görmüsünüz?
– Yaxınlarımdan, hə. Təbii ki, ailəm istisnadır. Məni də sakitləşdirən məhz budur. Ailəmdə hər şey qaydasındadır. Əsasən də dostluqda xəyanət görmüşəm. Mən dost tapa bilmədim. Bu da deyib-gülən Abbasın içində bir deformasiya yaradıb. Sanki məni qəbul etmək istəmirlər. Mən sənətimə hörmət qoyan adamam. Təbii ki, müəyyən uğurlarım da var, uğursuzluqlarım da. Buna rəğmən, istəyirlər ki, kölgədə qalım.
– Biz sizi həmişə sənətin işıqlı tərəfində – səhnədə görmüşük axı. Hətta Azərbaycanda film sənayesinin çökdüyü səksəninci-doxsanıncı illərdə belə filmlərə çəkilmisiniz.
– Hə, 80-ci illərdə məni rollarımın adı ilə çağırırdılar.
– Maraqlıdır, bütün həyatınız, demək olar ki, Akademik Milli Dram Teatrının səhnəsində keçib, Gənclər Teatrındakı qısa fasilə istisna olmaqla. Niyə getmişdiniz?
– Bilirsiniz, “Azdrama”da əvvəlcə hər şey yaxşı idi. Ancaq zamanla teatrın repertuarı ilə bağlı məndə narazılıq yarandı. Hüseynağa Atakişiyev teatr yaratmaq istəyəndə təklif elədi, mən də qəbul elədim. Çünki onun seçdiyi repertuar xoşuma gəlirdi. O repertuarda olmaq aktyor kimi püxtələşmək fürsəti yaradırdı. Bir sözlə, yaradıcılıq xatirinə getdim.
– Yəni şəxsi müstəvidə “Azdrama”dakılarla heç bir problem yox idi?
– Yox, yox.
– Bəs onda Gənclər Teatrından niyə ayrıldınız?
– 2-3 il sonra Atakişiyevin mövqeyi dəyişdi. Əsas məqsəd repertuar yox, tamaşaçını cəlb etmək oldu. Daha yüngül, komediya tipli əsərləri tamaşaya qoymağa başladılar. Belə olanda da dedim ki, mən buna görə gəlməmişdim. Həmin repertuar mənlik deyildi. Onu da qınamıram. Müharibə düşdü, çətinliklər ard-arda gəldi, teatrı necəsə saxlamalı idi. Beləcə, qayıtdım “Azdrama”ya.
Doxsanıncı illər demək olar ki, orada-burada özümü dolandırmaqla keçdi. Hətta bir ara bizneslə də məşğul oldum.
– Alınırdı?
– Gah alınırdı, gah alınmırdı. Aktyora daha çox atırdılar, aldadırdılar. Ancaq sizə bir şey deyim, 1996-cı ildə çörək tapmadığımız, teatrın yaşayıb-yaşamayacağının qeyri-müəyyən olduğu bir vaxtda mən “Neron”u oynadım. Bu rol böyük hay-küyə səbəb oldu, beynəlxalq festivalda birinci yer tutdum. O gündən kitabım bağlandı.
– Niyə?
– Dedilər ki, sən hardan pırtlayıb çıxmısan? Bir sözlə, rəqabət, paxıllıq. Daha sonra 20-ə yaxın tamaşadan çıxarıblar. Hətta məşhur teatrlardan birinə dəvət olundum, tamaşada da oynadım, ancaq yenə uzaqlaşdırdılar. De görüm, indi bu qədər şeydən sonra necə aqressiya əmələ gəlməsin? 50 yaşında Əməkdar artist adı almışam, 50 yaşında… Ancaq sizə deyim ki, belə gərginlikdə yaradıcılıq daha şirin olur, sözünü demək üçün iti bir hissiyyat yaradır.

– Bu münasibət indi də var?
– Əlbəttə. Abbas Qəhrəmanov bu gün filmdə oynayır, sabah lazım olmur.
– Baxın, burada razılaşmayacağam sizinlə. Son dövrlərdə üç ardıcıl uğurlu serial oldu – “Əqrəb mövsümü”, “Alatava”, “Mikrorayon”. Üçündə də sizi gördük.
– Amma “Əqrəb mövsümü”nün ikinci mövsümündə yox idim. Həmçinin bu, “Oğlan evi”nə də aiddir.
– Niyə?
– Mən sizdən soruşuram, niyə? Razılaşmayan sizsiniz.
– Bu sualın cavabı məndə yoxdur. Lakin onu deyə bilərəm ki, “Əqrəb mövsümü”ndə oynadığınız Qurban obrazı ilə çox tamaşaçının qəlbində taxt qurmusunuz.
– Ssenarini oxuyanda o qədər ləzzət elədi ki, pulu soruşmadan dərhal bu rola razılıq verdim.
– Oğulun onu atan atadan ağır intiqamı… Siz bu ssenaridə nəyi dəyişərdiniz?
– Fikrimcə, Qurban sonda özünü asmalı idi, çünki uşaqların ölümünün baiskarıdır. Günahlarını ancaq belə yuya bilərdi. Cavanlıqda ötkəmlik edib. Amma yenə də ona haqq qazandıra bilmirəm. Bir dəfə yadına düşə bilərdi də ki, belə səhv eləmişəm. Mən günü bu gün də hər axşam düşünürəm ki, keçmişdə nə səhvim, nə düzüm olub.
– Abbas bəy, bilirəm ki, ananız uşaq olanda yanınızda olmayıb. Bəlkə buna görə Qurbana belə hirslisiniz?
– Elnur uğursuzluğunda günahı atasında görür, şəxsi xoşbəxtliyi yoxdur. Amma mən uğursuz deyiləm axı. Bu yoxluqla sınanan kəs həyatını elə qurmalıdır ki, o boşluğu doldura bilsin. Əgər bunu bacarmasa, mütləq faciə ilə üzləşəcək. Mənimsə bəxtim onda gətirib ki, şəxsi həyatımı qura bilmişəm. Sevimli sənətimdəyəm və sevimli insanla həyatımı bölüşürəm.
– Ananızı bağışlaya bildiniz?
– Hə.
Bu mövzuda daha sual vermirəm.
– “Alatava”dakı rolunuz da maraqla qarşılandı.
– Çox heyifsilənirəm ki, Əlixan davamlı olaraq film çəkmir. Fikrini verib ora-bura. Onunla işləmək mənə çox maraqlıdır.
– Əlixan istedadlı adamdır.
– Hə, sadəcə sosial mediaya kinodan daha çox meyillənir. Mən başa düşürəm ki, maddi təminat baxımından bu da lazımdır. Ancaq kino xətti ilə getməyi onu ciddi rejissor kimi formalaşdıra bilər.
– Qacar…
– Topal Teymur…
– Deməli, Teymur sizə Qacardan daha doğmadır.
– Bəlkə də. “Şah Qacar”da məni hazır tamaşaya daxil etmişdilər, ona görə də əl-qolumu aça bilmirdim. “Ləng”də isə rol mənə yazılmışdı. Bu səbəbdən də Teymur daha doğmadır, yaxındır. Lakin Qacar da mənə yaxın obrazdır. Bu rolu oynarkən bir anlıq hiss etdim ki, Abbasdan əsər-əlamət qalmayıb. Rolu elə oynamışdım, sanki bütün əl-ayağım Qacar olmuşdu, Tamaşa bitdikdən sonra təcili yardım çağırdılar, iki ay müalicə olundum.
– Hansını başa düşmək daha çətindir – Teymuru, yoxsa Qacarı?
– Hər iki tamaşada mənim əl-qolumu sıxan bir məsələ var ki, mövzunu dinə bağlayıblar. Qacar dinə görə vuruşmayıb axı. “Teymurləng”də dramaturji xətt vardı, “Qacar”da isə daha çox fraqmentlərdir. Bilirsiniz, ümumiyyətlə, mən Qacarı başqa cür görürdüm. Əsərdə onu siyasi xadim kimi verirlər. Əsirlikdə isə uşaq kimidir. Deyirlər, o, xədim olduğu üçün aqressivdir. Elə deyil. O, yaxşıları qaldırıb, pisləri əzib. Dövr bunu tələb edirdi. Hakimiyyətdə sabitliyi əldə etməyin tək yolu bu idi. Fikrimcə, Qacar həm böyük xadim, həm də siyasətçidir. Tərəqqipərvər, oxumuş, ağıllı adam olub. Qacar qaniçən olmayıb. Hə, qardaşını öldürməyə bilərdi, amma hakimiyyət naminə bunu edir. Bu, qəddarlıqdır, ancaq o demək deyil ki, qana həris olub. Qacar haqqında çox oxumuşam, istərdim ki, nəsə çərçivədən çıxım, imkan vermədilər. Aktyor kimi əl-qolum bağlıdır. Nəsə də deyən kimi deyirlər, sakit dur, sonra rol verməyəcəklər.
– Bəlkə buna görə bəzi rejissorlar sizi sevmir.
– Bəlkə də elədir. Tanıdığınız aktyorların bir çoxu siyasətlə öz işlərini yola veriblər, “hə-hə” deyib bildikləri kimi oynayıblar.
– Bəlkə sizi üsyana səsləyən də içinizdəki rejissorluq eşqidir.
– Rejissorluq mənim ürəyimdən keçib. Hazırda həm rejissor, həm də aktyor kimi bir əsər üzərində çalışıram. Neçə aydır bunun üzərində işləyirəm. Rejissor olmaq asan məsələ deyil.
– Görünür, bu sevgi sizdə əzəldən olub, bəs aktyorluğu necə seçmisiniz?
– Əvvəla onu deyim ki, çox xoşbəxt uşaqlıq keçirmişəm. İdman, rəssamlıq, musiqi, küçədə oynamaq, qızlarla görüşmək… Azadlığım vardı, evdəkilər də inanırdı. Hələ məktəbdə oxuduğum dövrdə qızlardan məktub məktub dalınca gəlirdi. Hiss etdim ki, xarici görkəmimdə nəsə var. Onda hələ aktyor olmaq fikrində deyildim. Sonralar məktəbdə tamaşalar oynayanda gördüm ki, qızlar məhz mənə baxmaq üçün gəlirlər.
Bir dəfə səhnədə oynayanda birdən nəsə etdim, tamaşaçılar güldülər. Bu, mənə daxilən zövq verdi. O hissi sözlə izah etmək çətindir. Həmin an başa düşdüm ki, aktyor olmalıyam, üstəlik, “vid-fasonum” da var. Beləcə qərar verdim. İki ay gecə-gündüz hazırlaşıb universitetə girdim.
– Bir sözlə, aktyor oldunuz ki, qızlar sizə məktub yazsın…
– Demək olar, hə (gülür).
– Özünüzü kinoda daha çox xoşbəxt hiss edirsiniz, yoxsa teatr səhnəsində?
– İndi evdə (gülür).
– Yorulmusunuz?
– Bu söz kişiyə yaraşmır, ancaq hərdən əsəblərim məni narahat edir.
– Necə dolanırsınız?
– Pis deyil, yaxşıdır. Əlbəttə ki, daha yaxşı ola bilərdi. Dövlət tərəfindən diqqət var, şikayət edə bilmərəm.
– Kinodan qazana bilirsiniz?
– Qonorar bir az azdır. Tək kinonun ümidinə qalmaq mümkün deyil.
– “Arxada qalmış gələcək” filmində gələcəkdən gələn oğlan torpaqların işğal olunacağını deyir, canlandırdığınız Ağaəli isə bunu eşidib müharibədə silahı yerə qoyur. Maraqlıdır, hələ yolun başında olan Abbasa bayaqdan sadaladığınız çətinliklərdən keçəcəyini deyən olsaydı, Ağaəli kimi silahı yerə qoyardı, yoxsa yenə səhnəni seçərdi?
– O vaxt nələrdən keçəcəyimi mənə desəydilər, “yox, istəmirəm” deyərdim, çıxardım aradan. Amma indi düşünürəm ki, nə yaxşı silahı yerə qoymamışam…
Aytac SAHƏD