İnsan alveri və məişət zorakılığına qarşı mübarizə layihəsi yekunlaşıb

“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsini yekunlaşdırıb.

Dörd ay davam edən layihənin əsas məqsədi insan alveri və məişət zorakılığı riskləri ilə üzləşən qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, onlara zəruri sosial və psixososial xidmətlərin göstərilməsi, eyni zamanda məktəb icmalarının kibertəhdidlər, onlayn zorakılıq və təhlükəsiz internet istifadəsi ilə bağlı məlumatlılığının artırılması olub.

Layihə iki əsas istiqamət üzrə həyata keçirilib. Birinci istiqamət çərçivəsində regionda fəaliyyət göstərən Yardım Mərkəzi və sığınacağın fəaliyyəti davam etdirilib, zorakılığa məruz qalmış və ya risk altında olan qadın və uşaqlara təhlükəsiz mühit və müvafiq dəstək xidmətləri təqdim olunub.

Layihənin icra müddətində sığınacağın fəaliyyətindən ümumilikdə 485 qadın və uşaq yararlanıb. Onlardan 286 nəfər sığınacağa yerləşdirilib. Sığınacaqda xidmət alan şəxslərin 129 nəfərini qadınlar, 157 nəfərini isə uşaqlar təşkil edib.

Layihənin ikinci istiqaməti üzrə məktəb icmalarının rəqəmsal təhlükəsizlik və onlayn zorakılıq riskləri haqqında məlumatlılığının artırılmasına xüsusi diqqət yetirilib. Bu məqsədlə Göygöl şəhərində 2, Gəncə şəhərində 2 və Samux şəhərində 1 tam orta məktəbdə olmaqla, ümumilikdə 5 məktəbdə “Kiber Məkanın Təhlükəsizlik Qaydaları” mövzusunda maarifləndirici seminarlar keçirilib.

Seminarların təşkilində Gəncə Daşkəsən Regional Təhsil İdarəsi ilə əməkdaşlıq edilib, tədbirlərdə müvafiq şəhər və rayon polis idarələrinin əməkdaşları da iştirak ediblər. Görüşlər zamanı şagirdlər, müəllimlər və valideynlərə kibertəhdidlər, onlayn zorakılıq, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış və riskli hallarda müraciət imkanları barədə məlumat verilib. Seminarlarda ümumilikdə 315 nəfər iştirak edib. Onlardan 157 nəfəri şagird, 77 nəfəri müəllim, 81 nəfəri isə valideyn olub.

Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, layihənin mühüm nəticələrindən biri zorakılıqdan zərər çəkən şəxslərə birbaşa dəstəyin göstərilməsi ilə yanaşı, preventiv yanaşmanın da gücləndirilməsi olub: “İnsan alveri və məişət zorakılığı ilə mübarizə yalnız baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması ilə məhdudlaşmamalıdır. Risklərin əvvəlcədən tanınması, uşaqların, valideynlərin və müəllimlərin məlumatlandırılması, xüsusilə rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının formalaşdırılması profilaktik işin vacib hissəsidir. Layihə çərçivəsində həm dəstəyə ehtiyacı olan qadın və uşaqlara xidmət göstərməyə, həm də məktəb icmalarında bu istiqamətdə məlumatlılığı artırmağa çalışdıq”.

“Təmas” RİİB gələcək fəaliyyətində də insan alveri və məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi və regionlarda preventiv maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi nəzərdə tutur.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.