Azərbaycan vətəndaş cəmiyyətindən Ermənistan mediasına sərt mesaj– “Sülh prosesini təhlükəyə atmayın”

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan mediasının diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə münasibətini tənqid edib.

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu sentyabrın 11-12-də diplomatik korpus nümayəndələrinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasında yayılan materiallardan və ictimai müzakirələrdəki “qəbuledilməz tondan” məyusluğunu bildirib.

Bu barədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin yaydığı bəyanatda deyilir.

Bəyanat müəllifləri hesab edirlər ki, diplomatik korpusun Azərbaycanın suveren ərazisinə səfəri mübahisə mövzusu olmamalıdır.

“Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur”, – deyə bəyanatda vurğulanıb.

“Bu, Azərbaycanın suverenliyinin tanınması ilə ziddiyyət təşkil edir”

Vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyinə diqqət çəkiblər.

Onların fikrincə, diplomatik nümayəndələrin Azərbaycan ərazisinə səfərinə görə tənqidi və hücum xarakterli reaksiyalar bu öhdəliklə ziddiyyət təşkil edir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan hazırda münaqişədən sonrakı mərhələdədir və hər iki ölkənin qarşısında onilliklər davam edən qarşıdurmanın nəticələrini aradan qaldırmaq kimi məsuliyyətli vəzifə dayanır.

“Sülh Körpüsü” təşəbbüsünün Azərbaycan üzrə qrupu da sülh prosesinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

“Mədəni irs açıq dialoq əsasında müzakirə olunmalıdır”

Bəyanatda Azərbaycan ərazisindəki mədəni irs məsələsinə də toxunulub.

Vətəndaş cəmiyyəti nümayəndələri bildiriblər ki, Azərbaycan Respublikasının ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur.

Onların fikrincə, mədəni irslə bağlı məsələlərin ədalətli şəkildə həlli qarşılıqlılıq və açıq dialoq prinsiplərinə əsaslanmalıdır.

Bu məqsədlə vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi üçün platforma təsis etdiyi qeyd olunub.

“Revanşist qüvvələr sülh prosesinə təzyiq göstərməməlidir”

Bəyanatda əsas narahatlıqlardan biri kimi sülh prosesinin revanşist qüvvələrin təsiri altına düşməsi göstərilib.

“Sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir. Çünki bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər”, – deyə bəyanatda bildirilir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan cəmiyyətinə də çağırış ediblər.

Onlar Ermənistan cəmiyyətini məsələlərə münasibətdə təmkinli mövqe nümayiş etdirməyə və Ermənistanda, eləcə də onun hüdudlarından kənarda müəyyən şəxslərin “bədniyyətli gündəliyinə” rəvac verməməyə çağırıblar.

Bəyanatda vurğulanır ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi üçün qarşılıqlı etimad, dialoq və təmkinli yanaşma əsas şərtlərdən biri olaraq qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.