Bankdan kredit almaq çətinləşdikcə vətəndaşların üz tutduğu alternativlərdən biri bank olmayan kredit təşkilatları – BOKT-lardır. Burada kreditə çıxış daha sürətli və tələblər daha yumşaq ola bilər. Lakin bu rahatlığın qiyməti də var: daha yüksək faiz, qısa müddət, artan borc yükü və gecikmə zamanı əlavə risklər.
Azpost.info bildirir ki, Mərkəzi Bankın sentyabrın 14-də media nümayəndələri üçün keçirdiyi xüsusi sessiyada da əsas diqqət məhz BOKT-ların tənzimlənməsi, məsuliyyətli kreditləşmə və istehlakçı hüquqlarının qorunmasına yönəlib.
BOKT bazarı sürətlə böyüyür
Mərkəzi Bankın məlumatları BOKT sektorunun son dövrdə sürətlə genişləndiyini göstərir. 2026-cı il iyulun 1-nə BOKT-ların cəmi aktivləri 1,528 milyard manat olub. Bu, bir il əvvəllə müqayisədə 58,6% artım deməkdir.
Müştərilərə verilmiş xalis kreditlərin həcmi isə 1,137 milyard manata çatıb. Kredit portfeli bir il ərzində 69,2% böyüyüb.
Eyni tarixə BOKT-ların öhdəlikləri 838,7 milyon manat, balans kapitalı isə 689,6 milyon manat təşkil edib. 2026-cı ilin ilk yarısında sektorun xalis mənfəəti 121,2 milyon manat olub.
Müqayisə üçün, 2026-cı il avqustun 1-nə bank sektorunun kredit portfeli 32,095 milyard manat təşkil edib. Yəni BOKT-ların bazardakı çəkisi banklarla müqayisədə hələ xeyli kiçikdir, lakin onların kredit portfeli daha sürətlə artır.
Bəs insanlar niyə BOKT-a gedir?
Bunun əsas səbəblərindən biri bank kreditinin hər kəs üçün əlçatan olmamasıdır.
Kredit tarixçəsində problem, kifayət qədər rəsmi gəlirin olmaması, mövcud borc yükünün yüksəkliyi və bankın risk qiymətləndirməsindən keçməmək vətəndaşı alternativ maliyyə mənbəyi axtarmağa məcbur edə bilər.
İqtisadçı Natiq Cəfərli də BOKT-lara müraciət edənlərin bir hissəsinin məhz bankdan kredit ala bilməyən və ya kredit tarixçəsi zəif olan şəxslər olduğunu bildirir. Onun sözlərinə görə, BOKT-ların bazarda müəyyən payının olması real tələbatdan irəli gəlir və bu seqmentin tamamilə aradan qaldırılması qeyri-rəsmi borcvermənin artması kimi başqa risklər yarada bilər.
Digər ekspertlərdə BOKT-ların əsas üstünlüyünün kreditin daha əlçatan və sürətli olması olduğunu qeyd edir. Əsas risklər sırasında isə yüksək faizləri, müqavilə şərtlərinin tam başa düşülməməsini, əlavə komissiya və cərimələri, həmçinin bir neçə təşkilatdan eyni vaxtda kredit götürərək borc yükünün artması durur.
Əsas problem: faizlər
Mərkəzi Bankın BOKT-lara dair açıqladığı məlumatlara görə, sektorda istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edir. Bu göstəriciyə gündəlik və bəzi xüsusi kreditlər daxil edilmir.
Bu, BOKT kreditinin niyə bank kreditindən daha baha başa gələ bildiyini göstərən əsas rəqəmlərdən biridir. Burada sadə məntiq işləyir: kreditə çıxışı daha riskli hesab olunan müştəri üçün maliyyə təşkilatının riskləri yüksəldikcə kreditin qiyməti də arta bilər.
Natiq Cəfərli də BOKT-larda faizlərin yüksək olmasının səbəblərindən biri kimi daha sürətli və asan kreditləşməni göstərir. Onun sözlərinə görə, bankların sərt tələbləri fonunda BOKT-lar daha yumşaq şərtlərlə kredit təklif edə bilir.
500 manatlıq kredit üçün yeni qaydalar
Mərkəzi Bank BOKT-larda xüsusilə gündəlik kreditlərlə bağlı daha sərt çərçivə yaradıb.
AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib ki, gündəlik kredit üçün yuxarı hədd 500 manat, gündəlik faiz dərəcəsi isə maksimum 0,3% müəyyən edilib. Kreditin qaytarılma müddətinin yuxarı həddi 45 gündür.
Əsas prinsiplərdən biri də budur: vətəndaşın kredit üzrə ödəyəcəyi ümumi əlavə məbləğ götürdüyü kreditin 100%-dən çox olmamalıdır. Məsələn, 100 manat kredit götürən şəxsin əlavə ödənişi 100 manatı keçməməlidir.
Yeni yanaşma təkcə faiz məsələsinə deyil, gecikmiş borclara da toxunur. Oktyabrın 10-dan gündəlik kreditlərin restrukturizasiyasına imkan veriləcək və müəyyən şərtlərlə müştəri əlavə xərc ödəmədən borcunu yenidən strukturlaşdıra biləcək.
Problemli kreditlər üzrə yeni qaydalar hazırlanır
BOKT sektorunda ən mühüm məsələlərdən biri də problemli kreditlərdir. Mərkəzi Bank hazırda BOKT-ların problemli kreditləri ilə bağlı yeni qaydalar hazırlayır. Xəyyam İsmayılovun sözlərinə görə, məqsəd borclanma prosesinə nəzarəti gücləndirmək, mövcud riskləri azaltmaq və maliyyə sabitliyini qorumaqdır.
Bu məsələ təsadüfi deyil. 2026-cı il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının ümumi kredit portfeli 31,864 milyard manat, vaxtı keçmiş kreditlər isə 557,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin həcmi bir il ərzində 17,3% artıb.
BOKT-ların kredit portfelinin sürətlə böyüdüyü bir vaxtda problemli borcların idarə olunması tənzimləyici üçün əsas məsələlərdən birinə çevrilir.
BOKT-dan kredit götürən vətəndaş nəyə baxmalıdır?
Mütəxəssislərin vurğuladığı risklərdən çıxan əsas nəticə budur: vətəndaş yalnız aylıq ödənişə baxmamalıdır.
Kredit götürməzdən əvvəl:
-kreditin ümumi geri ödəniş məbləği hesablanmalıdır;
-faizlə yanaşı komissiya və digər ödənişlər yoxlanmalıdır;
-gecikmə zamanı tətbiq edilən şərtlər oxunmalıdır;
-kreditin müddəti və aylıq ödəniş gəlirlə müqayisə edilməlidir;
-eyni vaxtda bir neçə BOKT-dan kredit götürməkdən çəkinmək lazımdır;
– təşkilatın Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıb-lisenziyalaşdırılmadığı yoxlanmalıdır.
Çünki asan əldə edilən kredit problemin həlli olmaq əvəzinə yeni kreditlə köhnə borcun bağlanmasına çevrilərsə, borc yükü sürətlə arta bilər.
BOKT-ların başqa missiyası da dəyişir
Mərkəzi Bank BOKT sektorunun yalnız istehlak kreditlərinə fokuslanmasını deyil, biznes kreditlərinin, xüsusilə mikro və kiçik biznesin maliyyələşdirilməsini də artırmaq istəyir. Xəyyam İsmayılovun sözlərinə görə, istehlak kreditləri ilə bağlı ehtiyat tələbləri biznes kreditlərindən daha sərtdir və yeni yanaşmanın məqsədlərindən biri BOKT-ların biznes kreditləşməsini təşviq etməkdir.
Bu isə sektorun gələcəkdə yalnız “təcili pul lazım olanda müraciət edilən yer” kimi deyil, kiçik sahibkarların maliyyələşdirilməsində də daha böyük rol oynaya biləcəyi anlamına gəlir.
Nəticə etibarilə, BOKT-lar bankdan kredit ala bilməyən vətəndaş üçün maliyyəyə çıxış imkanı yaradır. Lakin bu imkanın qiyməti, kreditin ümumi dəyəri və borcalanın real ödəmə qabiliyyəti diqqətlə hesablanmadıqda, sürətli kredit daha böyük maliyyə probleminə çevrilə bilər.
Samir Abdulla