Boçorişvili: Gürcüstanın ATƏT sədrliyinə namizədliyi barəsində yekun qərar verilməyib

“Gürcüstan hazırda barəsində yekun qərar verilməmiş ATƏT sədrliyinə yeganə namizəddir. Lakin biz ümumi razılığa nail olmaq üçün səylərimizi davam etdirəcəyik”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanılının “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan ATƏT-ə sədrliyə namizədliyi üçün dəstək qazanmaq məqsədilə tərəfdaşlarla işini davam etdirir və təşkilat daxilində konsensusa nail olunacağına ümid edir.

Nazir qeyd edib ki, Slovakiya Gürcüstanın 2027-ci ildə ATƏT sədri postuna namizədliyini açıq şəkildə dəstəkləyib.

“Bizə həmçinin Avropa İttifaqının bir sıra üzv ölkələrinin mövqeyi barədə qeyri-rəsmi mənbələrdən məlumdur ki, onlar Gürcüstanın namizədliyinə dəstək ifadə edəcəklər. Avropa İttifaqı ölkələri vahid mövqe ilə bağlı razılığa gələ bilərlər, lakin ATƏT çərçivəsində hər bir konkret iştirakçı dövlətin mövqeyi qeydə alınır”, – deyə XİN başçısı əlavə edib.

Maka Boçorişvili hər hansı bir ölkənin Gürcüstanın namizədliyini bloklayıb-bloklamadığı barədə suala cavabında hazırkı mərhələdə konkret bir dövlətin adını çəkə bilməyəcəyini deyib.

Qeyd edək ki, Gürcüstan ATƏT-in sədrliyinə namizədliyini bu ilin yanvarında təqdim edib. Yayılan məlumatlara əsasən, Aİ Gürcüstanın təşkilata sədrliyinə qarşıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.