Avropa Komissiyasının sədri Ursula von der Lyayen Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin “yeni, daha qaranlıq mərhələyə” qədəm qoyduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya cəbhədə döyüşləri uzadır və cəbhə xəttindən xeyli uzaqda yaşayan mülki əhaliyə zərbələr endirir.
“Bu gün Vladimir Zelenski ilə yaxşı söhbətimiz oldu. Mən onun dünyada ərzaq təchizatını, eləcə də Ukrayna və Rusiyadakı enerji infrastrukturunu qoruyacaq atəşkəs çağırışını tam dəstəkləyirəm.
Müharibə yeni, daha qaranlıq mərhələyə qədəm qoyub. Rusiya cəbhədə döyüşləri uzadır və cəbhə xəttindən xeyli uzaqda mülki əhaliyə zərbələr endirir”, – deyə von der Lyayen X sosial şəbəkəsində yazıb.
Avropa Komissiyasının rəhbəri Ukrayna xalqı ilə həmrəy olduğunu və Ukraynanın azadlığı uğrunda mübarizədə Zelenskini tam dəstəklədiyini vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna bu həftə keçiriləcək Avropa Şurasının iclasında əsas müzakirə mövzularından biri olacaq. Avropa liderləri ölkənin gələn il üçün maliyyə ehtiyaclarını və beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəklər.
Von der Lyayen həmçinin bildirib ki, Avropa İttifaqı bu həftə Ukraynaya pilotsuz uçuş aparatlarının və raketlərin alınması üçün əlavə maliyyə vəsaiti ayıracaq. Bu vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və ölkənin hava məkanının qorunmasına kömək etməlidir.
Bundan başqa, Avropa İttifaqı Ukraynanın quruma üzvlük prosesi çərçivəsində danışıqların daha iki klasterini açmağı planlaşdırır.