Ürək xəstəliklərindən qorunmaq üçün səhər nə yeməli? –Həkimlər 6 məhsulu açıqladı

Ürək-damar xəstəlikləri hər il milyonlarla insana təsir edir. Bu xəstəliklərin yaranma riskini azaltmaq üçün sağlam qidalanmaya və həyat tərzinə diqqət yetirmək vacibdir.

Ürək sağlamlığını qorumağa kömək edən əsas amillərdən biri səhər yeməyində düzgün məhsullar seçməkdir. Bu barədə EatThisNotThat! nəşri yazır.

Yulaf sıyığı

Tibb elmləri doktoru Emi Qudriç günə yulafla başlamağı tövsiyə edir. Yulaf tam taxıl məhsuludur və liflə zəngindir. Bu xüsusiyyətlər xolesterinin səviyyəsinin azalmasına və həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edir.

Yağlı balıq

Qudriçin sözlərinə görə, qızılbalıq və tuna kimi yağlı balıqların müntəzəm istehlakı ürək-damar sisteminə müsbət təsir göstərir. Bu balıqlar iltihabi prosesləri azaltmağa və damarların elastikliyini qorumağa kömək edən omeqa-3 yağ turşularının qiymətli mənbəyidir.

Paxlalılar

Lobya və digər paxlalılar bitki mənşəli zülal və liflə zəngindir. Bundan əlavə, onlar arterial təzyiqin aşağı düşməsinə və iltihabi proseslərin azalmasına kömək edə bilər. Bu da ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərir.

Giləmeyvələr

Tibb elmləri doktoru Kollin Kristensen qeyd edir ki, giləmeyvələr antioksidantlar və fitokimyəvi birləşmələrlə zəngindir. Bu maddələr damarların sağlamlığını qorumağa və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.

Giləmeyvələrin müntəzəm istehlakı zərərli xolesterinin səviyyəsinin azalmasına da şərait yarada bilər.

Çərəzlər

Həkim Tina Marinaccio çərəzləri qida rasionuna daxil etməyi məsləhət görür. Çünki onlar faydalı yağların, lifin və antioksidantların mənbəyidir.

Həftə ərzində təxminən 30 qram çərəz istehlak etmək xolesterinin səviyyəsinin tənzimlənməsinə və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edə bilər.

Avokado

Dietoloq Bekki Kerkenbuş vurğulayır ki, avokado xolesterinin səviyyəsini azaltmağa və ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salmağa kömək edən mono doymamış yağlarla zəngindir.

Avokadonun tərkibindəki olein turşusu (omeqa-9) iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu meyvədə kalium, K vitamini və lifin çox olması da ürək və damar sağlamlığı üçün əlavə fayda yaradır.

Ürək sağlamlığı üçün nə etmək lazımdır?

Bu məhsulların balanslaşdırılmış qidalanmanın tərkibində müntəzəm istehlakı ürəyin sağlamlığını qorumağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.