Kredit qaydaları dəyişdi –Zaminlərə və borc alanların gəlirlərinə yeni tələblər

Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və istehlak kreditlərinin verilməsi qaydalarına dəyişiklik edib.

Bununla bağlı AMB İdarə Heyətinin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Dəyişikliklərə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və fərdi sahibkarlara verilən kreditlər üzrə yeni tələb müəyyənləşdirilib. Belə ki, həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdikləri məlumatlar kredit bürolarına ötürülən məlumatlarla müqayisə ediləcək.

Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, müvafiq kredit aktivi qeyri-qənaətbəxş kimi təsnifləşdiriləcək.

İstehlak kreditlərində zaminlərə yeni tələb

Qərar istehlak kreditləri üzrə zaminlik şərtlərini də dəyişir. İstehlak kreditinin təminatı kimi zaminlikdən istifadə edildikdə, zaminin borc yükünün gəlirinə nisbəti 70 faizdən çox olmamalıdır. Bu tələb zaminin maliyyə yükünün qiymətləndirilməsinə əlavə məhdudiyyət gətirir.

Borcalanın gəliri necə hesablanacaq?

Dəyişikliklər borcalanın gəlirlərinin müəyyənləşdirilməsi qaydasını da əhatə edir.

Əgər gəlirləri əməkhaqqı, pensiya, təqaüd, müavinət, depozit faizləri və digər gəlirləri təsdiqləyən sənədlər, yaxud dövlət informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında müəyyənləşdirmək mümkündürsə, davranış modeli əsasında proqnozlaşdırılmış gəlirdən istifadə edilməsinə icazə verilməyəcək.

Bu tələb müvafiq müddəa qüvvəyə mindikdən sonra yaranan kredit tələblərinə şamil olunacaq.

Qərar imzalandığı tarixdən bir ay sonra qüvvəyə minəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.