“Şagirdlər və müəllimlər üçün geyim tələbləri təhsildə ciddiliyi qoruyur” –Deputat Rəşad Mahmudov

“Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli formasının, müəllimlər üçün isə işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi məsələsi yalnız zahiri görünüş və məktəbdaxili intizam çərçivəsində deyil, daha geniş sosial və pedaqoji kontekstdə qiymətləndirilməlidir. Çünki məktəb yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də gələcək cəmiyyətin formalaşdığı, uşaqların sosial münasibətləri, davranış mədəniyyətini, məsuliyyət hissini və qarşılıqlı hörmət prinsiplərini mənimsədiyi mühüm bir mühitdir”.

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Müsahibimiz hesab edir ki, məktəblərdə vahid geyim mədəniyyətinin formalaşdırılması müəyyən mənada nizam-intizamın möhkəmlənməsinə, təhsil mühitinin ciddiliyinin qorunmasına və şagirdlərdə kollektivə aidlik hissinin inkişafına müsbət təsir göstərə bilər:

“Lakin bu məsələyə yanaşarkən əsas məqsədin nə olduğunu düzgün müəyyənləşdirməliyik. Burada əsas məqsəd təhsil müəssisəsində sağlam, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan mühitin yaradılması olmalıdır.

Məktəbli formasının mühüm sosial tərəflərindən biri şagirdlər arasında ailələrin maddi imkanlarından qaynaqlanan zahiri fərqlərin müəyyən qədər azaldılmasıdır. Müasir cəmiyyətdə insanların sosial-iqtisadi vəziyyəti onların gündəlik həyatına, o cümlədən geyim seçiminə təsir göstərir. Bu fərqlər böyüklər arasında adi qəbul olunsa da, uşaqların psixoloji dünyasında bəzən daha həssas nəticələr doğura bilir.

Xüsusilə yeniyetməlik dövründə uşaqların bir-birini geyimlərinin qiymətinə, brendinə və xarici görünüşünə görə müqayisə etməsi müəyyən psixoloji narahatlıqlar, özünəinamın zəifləməsi və sosial təcrid riskləri yarada bilər. Maddi imkanları məhdud olan ailələrin övladları belə hallarda özlərini digər şagirdlərdən fərqli və ya daha aşağı mövqedə hiss edə bilərlər. Vahid məktəbli forması bu cür zahiri fərqlərin ön plana çıxmasını müəyyən qədər məhdudlaşdırmaqla uşaqlar arasında sosial münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına kömək edə bilər.

Uşağın özünü məktəbin bir parçası kimi hiss etməsi, məktəbin dəyərlərinə hörmətlə yanaşması, kollektiv məsuliyyət anlayışını mənimsəməsi onun sosial inkişafı baxımından əhəmiyyətlidir. Vahid forma bu mənsubiyyətin zahiri ifadəsidir. Lakin məktəbə bağlılıq yalnız geyimlə yaranmır. Bu bağlılıq, ilk növbədə, müəllimin şagirdə münasibətindən, məktəbdəki mənəvi-psixoloji mühitdən, uşağın özünü təhlükəsiz və dəyərli hiss etməsindən qaynaqlanır”.

Deputat bunu da qeyd edib ki, müəllimlərin işgüzar geyimi ilə bağlı məsələ peşəkar davranış mədəniyyətinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər:
“Müəllim yalnız müəyyən fənni tədris edən mütəxəssis deyil, həm də davranışı, ünsiyyəti, münasibəti və şəxsi nümunəsi ilə uşaqların formalaşmasına təsir göstərən şəxsiyyətdir. Onun məktəb mühitinə uyğun, səliqəli və işgüzar geyinməsi pedaqoji fəaliyyətə və təhsil müəssisəsinə münasibətin ifadələrindən biri ola bilər. Müəllimin işgüzar geyimi onun rahatlığını nəzərə alan, aydın və məntiqli prinsiplərə əsaslanır”.

R.Mahmudov qeyd edib ki, təhsil sahəsində qəbul edilən istənilən qərarın mərkəzində uşağın mənafeyi dayanmalıdır:

“Biz məktəblərdə intizamın gücləndirilməsindən danışarkən unutmamalıyıq ki, əsl intizam uşağın məsuliyyət hissinin inkişafı, müəllimə və məktəbə hörməti, öz hüquq və vəzifələrini dərk etməsi nəticəsində yaranır.

Vahid məktəbli forması və müəllimlərin işgüzar geyim mədəniyyəti məktəb mühitinin təşkilinə müsbət töhfə verə biləcək vasitələrdir.

Bizim əsas məqsədimiz fərdi bacarıqlarını sərbəst inkişaf etdirən, özünə güvənən, başqalarına hörmət edən, bilikli və məsuliyyətli vətəndaşlar formalaşdırmaq olmalıdır. Çünki güclü təhsil sisteminin təməlində imkan bərabərliyi, keyfiyyətli təhsil və insan ləyaqətinə hörmət dayanır”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.