“Məktəb yalnız bilik verilən müəssisə deyil, həm də vətəndaşın və dövlətin formalaşmasında mühüm rol oynayan institutdur”.
Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məktəbli forması ətrafında aparılan müzakirələrlə bağlı mövqeyində bildirib.
Onun sözlərinə görə, FETO hadisəsi bir daha sübut etdi ki, təhsil cəmiyyətin ən gec və dərin təsir yaradan sahəsi, vətəndaşı, onun timsalında milləti və dövləti formalaşdıran bir nömrəli institutudur.
Z.Oruc məktəbin dünyəvi xarakterinin qorunmasının vacibliyini vurğulayıb:
“Təhsil ocaqları hər hansı ideologiyanın, kənar təsirin və ya dini qütbləşmənin təbliğat platforması deyil. Məktəb millətimizi bütövləşdirən ideoloji suverenliyin əsas ünvanlarından biridir. “Peyğəmbərimizin yaratdığı ənənədə məktəbi məscidə çevirməkdən daha çox, məscidi məktəbə çevirmək ruhu hakim idi”.
Deputat bildirib ki, dini inanclarla dünyəvi təhsil arasında qarşıdurma yaradılmamalıdır.
Komitə sədri hesab edir ki, bu məsələdə valideynlərin və uşaqların maarifləndirilməsi, eləcə də ictimaiyyətlə dialoqun gücləndirilməsi vacibdir:
“Cəmiyyətdəki sağlam qüvvələrin – ilk növbədə, şəhid ailələri, ziyalılar, müəllimlər, elm adamları və ictimai fəalların səfərbər edilməsinə ehtiyac var. Uşaqlara, valideynlərə izah olunmalıdır ki, məktəbli forması heç bir dinə qarşı təzyiq məqsədi üçün seçilməyib, əksinə, bütün inancların sərbəst və bərabər şəkildə mövcud ola biləcəyi azad hüquqi cəmiyyəti yaratmaq üçündür”.
“Təhsildə vahid geyim meyarları üçün elmi tədqiqatlar vacibdir”
Z.Oruc məktəbli forması ilə bağlı qərarların qəbulunda elmi araşdırmaların əhəmiyyətini də vurğulayıb:
“Təhsildə vahid geyim meyarları üçün vacib olan elmi tədqiqatlar qərar qəbuletmədə çox böyük önəmə malikdir. Sosial Tədqiqatlar Mərkəzinin vaxtilə apardığı elmi araşdırmalar “Azərbaycanda islam” barometri seriyasına daxil idi.
Eyni zamanda əvvəlki illərdə əhalinin dini azadlıqlara və hicaba münasibəti araşdırılsa da, bu nəticələr məktəblərdəki vəziyyəti tam əks etdirmir:
“Sorğularda hicab mövzusuna ictimai münasibət də diqqət mərkəzində saxlanılıb. Xüsusilə də indiki dövrdə əsas mövzu ilə əlaqədar, respondentlərin 54,4%-i hicaba müsbət, 13,4%-i mənfi yanaşdığını ifadə edib. Lakin nəticələr avtomatik şəkildə həmin insanların məktəblərdə də hicaba eyni yanaşmasını göstəmir. Onlardan 31,8%-i həssas mövzu kimi ona neytral mövqe sərgiləyib”.
Komitə sədri məktəblilərin dini dünyagörüşü və geyim seçimləri ilə bağlı ayrıca tədqiqatların aparılmasına ehtiyac olduğunu bildirib:
“Lakin orta məktəblərdə hicab, dini təhsil və dünyagörüş, bilik səviyyəsi, yaş qrupu, sosial vəziyyət və iqtisadi zonalar üzrə məktəblilər arasında, o cümlədən, həmin şəxslərin mənsub olduğu ailələrin dini inanclarına dair peşəkar səviyyəli sosioloji tədqiqatlar əlçatan ictimai resurslarda mövcud deyil. Əgər olsaydı, onun üzərindən gəncliyin dinə münasibətinə dair daha elmi nəticələri çıxarmaq, təhsil siyasəti ilə hansı gerçəkliyi dəyişmək və yeni hədəfləri müəyyənləşdirmək olardı. Ona görə də ümumi təhsil müəssisələrində 1,6 milyondan çox şagird təhsil alsa da, onların neçəsinin hicab taxdığına dair açıq rəsmi statistika olmadığı şəraitdə hökuməti bütün uşaqların təhsil və vicdan azadlığını pozmaqda qınamaq əsassızdır. Dövlət hicabla savaşmır, əksinə təhsildə vahid qaydanın bərqərar olunmasına çalışır”.
Z.Oruc onu da vurğulayıb ki, məktəbin əsas missiyası uşaqların bilik və dünyagörüşünün formalaşdırılmasıdır:
“Əsrlər boyu davam edən dini-siyasi qarşıdurmaların müasir təhsil mühitinə daşınması məktəbin əsas maarifçilik missiyasını zəiflədir.
Məktəb vətəndaşın, millətin və dövlətindir! Allahın ilk əmri isə Oxudur!”, – deputat qeyd edib.