MHP sədrinin müavini, Kayseri millət vəkili İsmail Özdemir Azərbaycanın Prezidenti İlham Əliyevə dəstək açıqlaması ilə çıxış edib.
Türkiyədə bəzi siyasətçilərin Azərbaycanda hicabla bağlı tətbiq edilən qaydaları tənqid etməsi və Yeni Azərbaycan Partiyasının bu tənqidlərə cavab verməsi iki ölkə arasında siyasi müzakirələrə səbəb olub.
“Əliyev cəsarətli və qüdrətli liderdir”
Özdemir sosial media hesabında paylaşım edərək 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsinə diqqət çəkib və İlham Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsindəki rolunu yüksək qiymətləndirib. O, İlham Əliyevi “cəsarətli və qüdrətli lider” adlandırıb. Millət vəkili Qarabağdakı qələbədən sonra əvvəllər işğal altında olmuş ərazilərdə yenidən azan səslənməyə başlanmasını da xüsusi vurğulayıb.
“Qardaşlıq bağlarımızın zəifləməsi mümkün deyil”
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndiyini bildirən Özdemir son dövrlərdə baş verən hadisələrin iki ölkənin tarixi bağlarını zəiflədə bilməyəcəyini qeyd edib. Azərbaycanın suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənməyə davam edəcəyini bildirən Özdemir ölkənin XXI əsrin nüfuzlu dövlətlərindən biri kimi tanınacağına inandığını ifadə edib.
Özdemir Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığa diqqət çəkən bu sözlərlə açıqlamasını yekunlaşdırıb: “Hilalla ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizinin bağı sarsılmaz”.