İsrail Prezidenti Bakıda çıxış etdi –"Boykotun yeri yoxdur”

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanı tolerantlıq ölkəsi adlandırıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi inkişafını və region dövlətləri ilə əlaqələrinin möhkəmlənməsini vurğulayıb.

Azpost.info APA-ya istinadən  xəbər verir ki, Hersoq bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı səsləndirib.

İsrail Prezidenti bildirib ki, AQEM Zirvə Toplantısının Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan tolerantlığı ilə seçilən ölkədir və beynəlxalq sülhün təmin olunması istiqamətində mühüm addımlar atır. Hersoq qeyd edib ki, Prezident İlham Əliyev ölkənin inkişafı üçün mühüm işlər görür. O, Azərbaycanın sədrliyi dövründə AQEM-in fəaliyyətinə yeni dinamika verildiyini, təşkilatın diqqətinin konstruktiv dialoqa, davamlı tərəfdaşlığa və ortaq məxrəc tapılmasına yönəldildiyini deyib.

“Əməkdaşlıq üçün boykotun yeri yoxdur”

İsxak Hersoq İsrailin Asiya regionu ilə əməkdaşlığı genişləndirmək və müxtəlif layihələrdə iştirak etmək niyyətində olduğunu bildirib. “İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var”, – deyən Prezident vurğulayıb ki, regional əməkdaşlığın gücləndirilməsi qarşılıqlı hörmət və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır.

Onun sözlərinə görə, AQEM çərçivəsində dövlətlər arasında etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm addımlar atılır. Hersoq bu prosesdə boykot əvəzinə dialoq və praktiki əməkdaşlığa üstünlük verilməsinin vacibliyini qeyd edib.

Abraham Razılaşmaları nümunə göstərildi

İsrail Prezidenti çıxışında dövlətlər arasında münasibətlərin yalnız dostluq bəyanatları ilə məhdudlaşmamalı olduğunu bildirib. Onun fikrincə, davamlı münasibətlər real əlaqələr, praktiki əməkdaşlıq və ortaq maraqlar əsasında qurulur. Hersoq bu yanaşmanın nümunəsi kimi Abraham Razılaşmalarını göstərib. O, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin də bu prosesdə iştirakını xatırladaraq, ortaq maraqların siyasi münasibətlərdə yeni imkanlar yarada bildiyini vurğulayıb.

İsrail Prezidentinin sözlərinə görə, bir neçə il əvvəl reallaşması çətin görünən bəzi münasibətlər artıq siyasi reallığa çevrilib.

AQEM-in regional əməkdaşlıqdakı rolu

Hersoq çıxışında AQEM-in yaradılmasının əsas məqsədinin etimadın möhkəmləndirilməsi və dövlətlər arasında əməkdaşlığın inkişafı olduğunu xatırladıb. O, təşkilatın formalaşmasında Qazaxıstan Prezidentinin rolunu da xüsusi qeyd edib.

İsrail Prezidentinin çıxışı Azərbaycanın AQEM-ə sədrliyi, regional dialoq və Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi mövzularını əhatə edib. AQEM çərçivəsində əsas məqsədlərdən biri müxtəlif siyasi mövqelərə malik dövlətlər arasında dialoq üçün platforma yaratmaq, etimad tədbirlərini təşviq etmək və ortaq maraqlar əsasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.