ABŞ-da azyaşlıların sosial şəbəkədə hesab açması qadağan edilib

Mart ayında ABŞ-nin Florida ştatında uşaqların sosial mediada təhlükəsizliyinə dair qanun qəbul edilib. Qanun, qismən də olsa, uşaqların çoxunu platformalardan uzaq saxlamağı hədəfləyib.

Azpost.info bildirir ki, bu barədə “CBS12 News” yazır.

“Azyaşlıların onlayn qorunma tədbirləri”, yaxud “HB 3” adlanan qanun yaşı 14-ə çatmayan uşaqların özünə sosial media hesabı açmasının qarşısını kəsir. 14-15 yaşlı uşaqlarsa valideyn icazəsi ilə sosial media hesabı aça bilərlər.

Ancaq bu sosial media qadağasının necə tətbiq ediləcəyi aydın deyil. Bəzi ekspertlər qanunun, özəlliklə yaşın təsdiqinə dair bölümlərinin səthi olduğunu deyirlər.

İstifadəçinin yaşını müstəqil üçüncü tərəf qismində bir şirkət tədiqləyəcək. Bu şirkətin ABŞ-da yerləşməsi və hər hansı xarici şirkətin nəzarətində olmaması tələb ediləcək. Üstəlik, şirkətin istifadəçinin yaşı təsdiqlənərkən, ona verilən hər hansı məlumatı gizli saxlamaq hüququ olmayacaq.

Qanun azyaşlıların pornoqrafik kontentə rast gəlməsinin qarşısını almaq üçün də yaş təsdiqləməsi üsulunun işə salınmasını nəzərdə tutur.

Proqram mühəndisi Ceyson Frankovitz deyir ki, texniki baxımdan, ilkin təsdiq prosesi “anonim” olmayacaq. Məlumatın məhz necə təsdiqlənəcəyi və bu işi hansı şirkət, yaxud qurumun görəcəyi məsələsi hələ havada qalıb. Frankovitz yaşın təsdiqlənməsi prosesinin necə baş verəcəyinə dair öz baxışını paylaşıb.

“Əlbəttə, siz uşağın “mənə inanın, ey böyüklər, mənim 18 yaşım var” söyləməsinə inana bilməzsiniz. Buna görə də, məncə, tək praktik yol yetkin yaşda bir insanın bunu təsdiqləməsidir. Böyük adam öz şəxsiyyət vəsiqəsini yükləyə, yaxud sosial təminat nömrəsini verə bilər… Onlar yalan bəyanat versələr, cəza ilə üzləşə bilərlər”, – Frankovitz belə deyir.

Qanuna görə, sosial media platformaları 14-15 yaşlılara aid olduğu, yaxud onlar tərəfindən işlədildiyi düşünülən platformaları bağlaya bilər. Ancaq istifadəçinin bu qərara qarşı çıxmağa 90 gün vaxtı olacaq.

Valideynlər də yaşı 14-ü haqlamayan şəxsin hər hansı hesabının ləğvini tələb edə bilərlər. Sosial media platformaları bu hesabları 10 gün içində ləğv etməlidir.

Frankovitzin fikrincə, sosial media hesabı açmaq istəyən 14-15 yaşlıların yaşının təsdiqlənməsi son nəticədə valideynlərin məsuliyyəti olacaq.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Paşinyan Qazaxla sərhədə gəldi, etirazçılarla görüşdü –