ABŞ gələn il üçün neft qiymətləri proqnozunu yeniləyərək “Brent” və WTİ markalı neftin bir bareli üçün qiyməti 0,50 dollar artırıb. Yeni proqnozda “Brent” neftinin qiyməti 60,50 dollar/barel və WTİ markalı neftin qiyməti 55 dollar/barel müəyyənləşdirilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiyası İdarəsinin (EİA) “Qısamüddətli Enerji proqnozu 2019” hesabatında bildirilir.
“Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi “OPEC”ə daxil olmayan ölkələrin xam neft hasilatını gələn ilin I rübündə gündəlik 500 min barel azaldılması qərarı qiymətlərin müsbət yöndə dəyişdirilməsinə səbəb olub” ,- deyə EİA bildirib.
ABŞ, həmçinin gündəlik xam neft hasilatı proqnozunu 100 min barel azaldaraq, təxminən 13,2 milyon barel müəyyənləşdirib.
Xatırladaq ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft hasilatçısına çevrilib.