ABŞ-ın sabiq dövlət katibi:

“Putin dondurulmuş münaqişələrdən öz məqsədi üçün istifadə edir”
02 Sentyabr 2019 - 10:00

“Rusiya prezidenti Putin dondurulmuş münaqişələrdən öz məqsədinə çatmaq üçün istifadə edir. O, belə münaqişələrin həllinin tərəfdarı deyil”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays Ukraynanın sabiq iqtisadi inkişaf nazirinin müavini Natalya Mikolskaya və Stenford universitetinin demokratiya və hüququn aliliyi mərkəzinin direktoru Frensis Fukuyamaya “Ukrainian Emerging Leaders” proqramı çərçivəsində verdiyi müsahibəsində bildirib.

Rays bildirib ki, buna görə də Putin Ukraynanın müəyyən hissələrinin idarəolunmaz hala gəlməsi üçün cəhdlərini davam etdirəcək.

Öz müsahibəsində sabiq dövlət katibi dünyada baş verən bu günkü proseslərə toxunub. K. Raysın sözlərinə görə,  qlobal təhlükəsizliyi təhdid edən təhlükələr mövcuddur: “Biz bir neçə il əvvəl bu təhlükələri heç təsəvvür belə etmirdik. Terror bizi çox narahat edir. Həmçinin böyük dövlətlərin – yüksəlməkdə olan Çin və Rusiya arasında rəqabətdən narahatıq. Bu ölkələr  daha aqressiv olublar”.

Rays həmçinin deyib ki, ABŞ-ın  bütün bu məsələlərə müdaxiləsi saxlanmalıdır: “Biz gərək ABŞ –ı lider mövqeyində saxlayaq. Demokratik ölkələri beynəlxalq müstəvidə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi üçün birləşdirməyə davam etməliyik”.

Raysın sözlərinə görə, hibrid müharibədə insanları manipulyasiya etmək üçün rəqəmsal texnologiyadan istifadə cəhdləri yeni təhlükələrdəndir.

Azpost.info