ABŞ-ın Şeyxülislama məktubu hansı mesajları əks edir? –

TƏHLİL
26 İyun 2020 - 20:51

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin ABŞ prezidenti Donlad Trampa məktubu və Şeyxülislama göndərilən cavab ictimai-siyasi müstəvinin diqqətçəkən hadisəsi oldu.

QMİ sədri öz məktubunda Trampa müraciət edərək Pandemiya zamanında İrana qarşı tətbiq edilən sanksiyaları müvəqqəti dayandırmağa çağırmışdı. Humanist akt olaraq İranda yaşayan müsəlmanlar üçün tibbi ləvazimatların və dərmanların alnması üçün bunun mühüm rol oynayacağını vurğulamışdı.

ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Örl Litzenberqer rəsmi cavabda  QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyini dəyərləndirilərək Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyünü bildirib.

Azərbaycanın dini rəhbərinin məktubuna rəsmi reaksiya bölgədə siyasi maraqları olan  böyük güclərin ölkəmizin mövqeyinə münasibətinin ifadəsi sayıla bilər.

Azərbaycan dövləti tolerantlığı və dinlərarası əməkdaşlığı təşviq edən siyasəti ilə bu prioriteti beynəlxalq münasibətlərin vacib həlqəsinə çevirə bilib. Bakı vaxtaşırı mədəni və dini əməkdaşlıq üzrə beynəlxalq konfranslara uğurla təşkilatçılıq edərək bölgədə həmrəyliyin və dözümlülüyün ardıcıl təbliğatçısına çevrilə bilib. Ölkəmiz eyni zamanda islam dünyasının nufuzulu üzvü kimi müsəlman həmrəyliyinin təbliğində də öz sözünü deyir.

Təsadüfi deyil ki, bir-biri ilə müəyyən ixtilaflar yaşayan islam ölkələrinin birgə platformasının yaradılmasında Bakı ciddi faktor kimi öz imkanlarını nümayiş etdirir.

Bu baxımdan QMİ və onun rəhbəri Allahşükür Paşazadənin fəaliyyəti dövlət siyasətinin bu aspektlərinə söykənir.  Şeyxulislamın adıçəkilən müraciəti dövlət siyasətinin əsas prinsipi kimi çıxış edən humanizm və tolerantlığın nümayişinə bir daha fürsət yaratdı.

Burada QMİ sədrinin dini rəhbər kimi tutduğu mövqe də vacib detaldır. A.Paşazadə bir sıra ölkələrdə dini rəhbərlərin açıq nümayiş etdirdiyi məzhəbçilik mövqeyindən uzaq durur, dünyəvi probemlərin həlli üçün ictimai platformalarda fəal işləyir.  QMİ sədri fəaliyyəti boyu heç vaxt konkret məzhəb tərəfdarı kimi çıxış etməyib. Ən müxtəlif dini konfessiyalarla, məzhəblərlə birgə əməkdaşlıq tərəfdarı kimi tanınan Şeyxülislam bununla tolerant din xadimi kimi beynəlxalq camedə ad qazanıb.

Bu addım QMİ sədrinin fəaliyyətində ilk deyil. A.Paşazadə müxtəlif vaxtlarda Çeçenistanda, Fələstində, Yəməndə baş verən qanlı hadisələrlə bağlı öz mövqeyini bildirib və problemə biganə qalmadığını nümayiş etdirib. Verdiyi bəyanatlarında müsəlmanları həmrəyliyə çağırıb, məzhəb ayrıseçkiliyinə etiraz edib.

Belə mövqe isə Azərbaycana dinlərarası münasibətlər platformasında öz sözünü deməyə və hamının etibar edə biləcəyi ölkə statusunun möhkəmlənməsi üçün töhfələrini verib.

Azərbaycan təkcə bu müstəvidə belə etimadı qazanmayıb. Ölkəmiz neçə illərdir ki, mühüm beynəlxalq güclərin danışıqlar platformasına çevrilib. Sabit və etibarlı ölkə kimi tanınan Azərbaycanda dünya üçün sülh prioritetləri müzakriə olunur, razılıqlar, sazişlər imzalanır. Elə təkcə NATO və Rusiya hərbi rəhbərlərinin görüş yeri olaraq Bakını seçmləri bu siyasi etimadın vizit kartına çevrilib.

Belə bir şəraitdə ABŞ-ın QMİ sədrinə cavab məktubu bölgədə Azərbaycanın dini müstəvidə nufuzunu göstərməklə yanaşı  Azərbaycanın dini rəhbərinin sülhpərvər vasitəçilik missiyasına qiyməti hesab etmək olar.  Bu həm də Şeyxin dünyada qazandığı nufuzunun bir daha təsdiqi kimi yaddaqalan oldu.

ABŞ və İranın mürəkkəb münasibətlərini nəzərə alsaq o zaman bu məktubun geosiyasi mesajını anladacaq nöqtələri qeyd etmək olar.

İlk olaraq Azərbaycan humanizm prinsiplərinə sadiqliyini  göstərərək öz qonşusunun çətin günlərində onun ağır vəziyyətinə biganə  olmadığını nümayiş etdirdi.

Burada incə detal var: Bakı Yerevanla isti əlaqələri daim müzakirə mövzusu olan Tehrana “çətin günün adamı” kimi müsəlman həmrəyliyini bir daha xatırlatdı.

Digər mühüm nüans qonşu ölkənin rəhbərliyinin dini rəhbərimizə kömək üçün müraciətdir: Bu onu göstərir ki, Azərbaycanın beynəlxalq müstəvidə nufuzu etiraf olunur. Sanksiyalardan və pandemiayadan əzab çəkən din qardaşlarına dəstək olmağı xahiş etmək Azərbaycan dövlətinə hörmətin və sayğının göstəricisidir. QMİ sədrinin müraciəti ilə Azərbaycan region ölkələri ilə qonşuluqda heç vaxt fürsətcil mövqe tutmadığını göstərdi.

Bu məktub eyni zamanda Prezident İlham Əliyevin siyasi prioritetlərini ehtiva edən mövqeyinin ifadəsi kimi də qiymətləndirmək olar. 

ABŞ üçün İranla bağlı mövcud böhranlı vəziyyətdə vasitəçi indikatorlar mühüm əhəmiyyət daşıyır. Bakı belə təmaslar üçün əlverişli platforma sayıla bilər. Vaşinqton bütün faktorlarıın içində Azərbaycanın bir addım öndə ola biləcək dini faktorunu heç bir halda gözardı etmək istəməyib.

Məktub mübadiləsinin mesajı da bunu ehtiva edir.

“Analitik” Təhlil Mərkəzi