ABŞ Qarabağda dini abidələrə qarşı erməni vandalizmini etiraf edir

 İyunun 2-də ABŞ Dövlət Departamenti dünyada dini dözümlülüyün vəziyyəti haqqında hesabat dərc edib.

Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar da əksini tapıb.

Qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib.

Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub.

Vurğulanıb ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb.

Hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

“Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb. Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”, – Dövlət Departamentinin hesabatında deyilir.

Azərbaycan zaman-zaman dünyanın diqqətini Ermənistanın Qarabağda dini abidələrə qarşı vandalizm aktlarına çəkib.

Prezident İlham Əliyev xalqa müraciətində bu vəhşliyə toxunaraq erməni yalanlarına dəstək verməyə cəhd edən ölkələrə öz mesajını da çatdırıb: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də mütəmadi olaraq Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı problemi ciddi şəkildə qaldırıb.

Şeyxülislamın və Azərbaycanda dini konfessiya rəhbərlərinin birgə bəyanatında bu vandalizm kəskin şəkildə pislənib. “Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoriyanlaşdırıb”-deyə birgə Bəyanatda vurğulanıb.

 

ABŞ Dövlət Departamentinin bu Hesabatı Prezident İlham Əliyevin bu məsələdə apardığı məqsədyönlü siyasətin etirafı hesab etmək olar. Ermən vandaliziminin ifşa olunması üçün ölkədə ictimi təşkilatların, o cümlədən QMİ sədrinin beynəlxalq müstəvidə apardığı ardıcıl fəaliyyəti təqdirəlayiq sayıla bilər.

Hesabatda həmçinin vurğulanıb ki, dini etiqad azadlığı haqqında qanuna edlən düzəlişlər rəsmi dini mərkəzlərə dini titulları idarə etmək üçün müstəsna hüquq verib.

Sənəddə qeyd olunub ki, hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyi ilə əsaslandırıb. Dəyişikliklər dini məsələlərini tənzimləyən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinədini qruplar üzərində daha çox nəzarət verib.

Xatırladaq ki, qanuna düzəlişlər Milli Məclisdə müzakirə edilərkən bir sıra deputatlar bu dəyişikliklə bağlı narahatlıqlarını ifadə ediblər. Deputat Qüdrət Həsənquliyev müsahibəsində qeyd edib ki,  Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycanda din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda 58-ci maddə bütün birliklərin sərbəst fəaliyyətinə təminat verir.

Deputat deyib ki, qanuna təklif edilmiş dəyişiklik digər maddə ilə ziddiyyət təşkil edir. Çünki həmin qanunun 5-ci maddəsində deyilir ki, dövlət dini qurumların işinə qarışmır.

Qanuna dəyişikliklə bağlı çıxış edən deputatların bir qismi bu addımı  ölkədə dini təhlükəsizliyin təmin edilməsi baxımından vacib olması ilə əsaslandırıb. Dəyişikliyi dəstəkləyənlər buna əsas olaraq dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirdiyini vurğulayırlar. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərirlər.

Bu dəyişiklik müzakirəyə çıxarılan kimi QMİ din xadimlərinə çağırış edib. Müraciətin mətninin tonundan məlum olurdu ki, QMİ bu dəyişikliklə bağlı yayılmış müxtəlif fikir və şərhlərdən narahatdır.

QMİ öz bəyanatında din xadimlərindən İdarənin mövqeyini nəzərə almalarını, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verməmək xahiş olunurdu. Qafqaz Müsəlmanları İdarəsi qanuna edilən dəyişikliyi din-dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə aparılan islahatların davamı kimi qiymətləndiririb, dindarları və din xadimlərini yeni dəyişikliklərə birmənalı şəkildə əməl etməyə çağırıb.

Təzəpirdən verilən açıqlamada dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inandıqları vurğulanmışdı.

 

ABŞ Dövlət Departamentinin Qətnaməsində uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub.

 

Əvvəlki məqalə

Latviyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Sonrakı məqalə

“Müharibə dayanmasa, 300 milyon insan aclıqla üzləşəcək” –