ABŞ rəsmilərinin Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün ən böyük mərkəzə çevrilmiş Birləşmiş Ərəb Əmirliklərinə səfərləri nəticəsiz qalmayıb. BƏƏ bankları Rusiyanın Hindistanla hesablaşmalar üçün istifadə etməyi planlaşdırdığı milli valyutada – dirhəmdə “Rosneft” hesablarını açmayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hindistanın dövlət neft emalı zavodları hökumətin Çin yuanından istifadə etməməyi tövsiyə etməsindən sonra Rusiya ilə BƏƏ dirhəmində hesablaşmalara keçmək qərarına gəlib. “Dollarla ödəniş problemlidir, banklar Rusiya nefti üçün onları qəbul etmir, – Hindistan Energetika Nazirliyi şikayətlənib.
Hindistan müharibənin başlamasından və Qərbin sanksiyalar dalğasından sonra Rusiya neftinin ən böyük alıcısına çevrilib. Noyabrda o, gündə 1,6-1,8 milyon barel və ya tankerlərin Rusiya dəniz limanlarından ixrac etdiyi bütün barellərin yarısından çoxunu idxal edib. “Bloomberg”in hesablamalarına görə, 2023-cü ilin mayında Rusiyadan Hindistana neft ixracı ən yüksək həddə olub – gündəlik 2 milyon bareli keçib.
Azpost.info