ABŞ Ukraynaya və 18 ölkəyə 2 milyard dollar ayıracaq- Blinken açıqladı (SİYAHI)

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə bugünkü səfəri zamanı Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

Blinken görüşlərdə Birləşmiş Ştatların Avropaya ümumilikdə 2 milyard dollarlıq yardım ayıracağını bəyan edib. Bu məbləğin 1 milyardı Ukraynaya çatacaq.

“Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərdə Blinken deyib ki, Bayden administrasiyası Ukraynaya və onun 18 qonşusuna, o cümlədən NATO ölkələri və regional təhlükəsizlik üzrə tərəfdaşlarına uzunmüddətli xarici hərbi maliyyə yardımı etmək niyyəti barədə Konqresə məlumat verib. Bunlar əsasən Rusiya təcavüzünə məruz qalmaq riski daşıyan ölkələrdir”, – məlumatda deyilir.

O da qeyd olunur ki, təşəbbüsün Konqres tərəfindən təsdiqindən sonra bu məbləğin təxminən 1 milyard dollarının Ukraynaya, qalanının isə Albaniya, Bosniya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Moldova, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Sloveniyaya ayrılması nəzərdə tutulur.

Agentlik ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, vəsait bu ölkələrin NATO ilə hərbi inteqrasiyasını gücləndirmək və Rusiyanın təsir və təcavüzünə qarşı dirənməklə öz suverenliyi və ərazi bütövlüyünə yaranan təhlükələrdən qorunmaq üçün istifadə olunacaq.

Dövlət Departamenti bəyan edir ki, yeni yardım paketi bir daha Birləşmiş Ştatların Ukraynanın demokratik, suveren və müstəqil dövlət kimi gələcəyinə, eləcə də bütün regiondakı müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinə sarsılmaz sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, Blinkenin Ukrayna paytaxtına gözlənilməz səfəri ABŞ prezidenti Co Baydenin Kiyev və digər Avropa ölkələri üçün yeni hərbi yardım paketini elan etdiyi vaxta təsadüf edib.  O da bildirilir ki, 2 milyardlıq yardım yalnız Ukrayna üçün nəzərdə tutulan ağır silahlar, döyüş sursatları və zirehli texnikanın olduğu 675 milyon dollarlıq paketə əlavə olaraq ayrılacaq.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 396 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Rusiyanın xüsusi nümayəndəsi Bakıya gəlib –