Ağrı dağında ilk dəfə buzlaq tədqiq edildi –Minilliklərin sirri üzə çıxa bilər

Alimlər ilk dəfə olaraq Ağrı dağının dəniz səviyyəsindən 5 min metrdən çox yüksəklikdə yerləşən buzlağında genişmiqyaslı elmi araşdırma aparıblar. Tədqiqatın məqsədi buz qatlarının minilliklər ərzində iqlim və insan tarixi haqqında unikal məlumatları qoruyub saxlayıb-saxlamadığını müəyyən etməkdir.

Bu barədə Münster Universiteti (Almaniya) məlumat yayıb.

İki həftə davam edən ekspedisiya zamanı tədqiqatçılar indiyədək elmi baxımdan demək olar ki, öyrənilməmiş buz sahəsini araşdırıblar.

Alimlər bildirirlər ki, bu təbii “arxiv” qlobal istiləşmə səbəbindən ciddi təhlükə altındadır. Ağrı dağının buz örtüyü sürətlə kiçilir və hər yay geri dönməz şəkildə minilliklərə aid qiymətli məlumatlar itirilir.

Buzun altında nə gizlənir?

Tədqiqat zamanı buz örtüyü yerüstü radiolokasiya və aktiv seysmik üsullarla öyrənilib. Bu texnologiyalar vasitəsilə buz qatının qalınlığı və onun altındakı relyef xəritələndirilib. Alfred Veqener İnstitutunun alimi doktor Koen Hofstede bildirib ki, çətin hava şəraitinə baxmayaraq bütün zəruri məlumatlar toplanıb.

Onun sözlərinə görə, əldə olunan nəticələr sayəsində növbəti ekspedisiya zamanı ən uzun və fasiləsiz buz nüvəsinin hansı nöqtədən götürüləcəyini müəyyənləşdirmək mümkün olacaq.

Minilliklərin “buz salnaməsi”

Növbəti mərhələdə alimlər buz nüvələrini çıxarmağı planlaşdırırlar. Layihə uğurla başa çatarsa, bu, Ağrı dağından əldə edilən ilk belə nümunələr olacaq. Münster Universitetinin professoru, layihə rəhbəri Axim Lixtenberqer qeyd edib ki, buz qatları arxeologiya üçün tamamilə yeni məlumat mənbəyi hesab olunur.

Onun sözlərinə görə, indiyədək arxeoloqlar əsasən torpaq qatlarından istifadə edirdilər. Buz isə insan fəaliyyətinin minilliklər boyu formalaşmış ardıcıl tarixçəsini qat-qat qoruyub saxlaya bilər.

İqlim dəyişiklikləri də öyrəniləcək

Buz qatlarında qədim atmosferin tərkibi, toz hissəcikləri və keçmiş vulkan püskürmələrinin izləri də qorunub saxlanılıb. Bu məlumatlar alimlərə Roma İqlim OptimumuKiçik Buz Dövrü kimi tarixi iqlim mərhələlərinin Yaxın Şərqdə necə keçdiyini daha dəqiq müəyyən etməyə imkan verə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, Ağrı dağı qədim sivilizasiyaların inkişaf yollarının kəsişməsində yerləşir. Aralıq dənizi regionunda buna bənzər buzlaq araşdırmaları indiyədək əsasən yalnız Alp dağlarında aparılıb. Yaxın Şərq isə bu baxımdan hələ də kifayət qədər öyrənilməmiş bölgə hesab olunur.

Nadir Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.