Ölkədə müxtəlif sahələrin inkişafı üçün investisiyalar cəlb olunur, kiçik və orta sahibkarlara kömək göstərilir. Bu işlərə təkan vermək məqsədi ilə yaradılmış “ABAD” publik hüquqi şəxs ailə sahibkarlığının inkişafında töhfələrini verir.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxs təsis edildi. Məqsəd ölkənin iqtisadi və sosial inkişafında insanların fəal iştirakını təmin etmək, həmçinin ailə əməyinə əsaslanmış təsərrüfatların fəaliyyətini dəstəkləmək, orta və kiçik sahibkarlığın inkişafını təkmilləşdirmək, əhalinin məşğulluğunu daha da artırmaqdır.
Qurum bu ötən 6 ildə xeyli işlər görüb. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin sözlərinə görə,hazırda iqtisadi rayonlar üzrə “ABAD”çıların sayının 534 nəfərdir. Onların indiyədək əldə etdikləri gəlir 6.3 milyon, ümumi dövriyyənin isə 7.2 milyon manat olub.
Mütəxəssislərin apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, ailə biznesinin inkişaf etməsini təmin edən başlıca faktor “sıfır” bürokratiya və “sürətlililiyin” təmin edilməsidir.
İqtisadi cəhətdən inkişaf edən ölkələrin təcrübəsinə əsasən demək olar ki, sahibkarlığın inkişafı ÜDM-in, əhalinin pul gəlirlərinin, xidmət və istehsal həcminin, iqtisadiyyata qoyulmuş xüsusi kapitalın, bu kimi digər makroiqtisadi göstəricilərin artımına təsir göstərir. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, ailə təsərrüfatları iqtisadi bazarda çeviklik, qənaətçilik, sərbəstlik, motivasiya imkanlarını genişləndirir. Şəxsi təsərrüfatında hər hansı bir məhsul istehsal edən, həmin məhsulu bazara çıxaran, onun bazarda satışını reallaşdıran ailənin ölkənin ÜDM-də xüsusi payı var. Bu cür ailə təsərrüfatlarının sayı çox, yaradılması isə asan olduğu üçün ümumi iqtisadi inkişafda xüsusi rol oynayır və müəyyən hallarda ÜDM-də təxminən 60-70 % çəkiyə malik ola bilir.
Məsələn, İspaniyada bazarda olan təsərrüfatların təxminən 75 %-i ailə təsərrüfatlarıdır. Onların ÜDM-də olan payı 65 %-ə çatır. Bundan başqa, biznesin bu qolunun inkişaf etməsi əlavə xərc çəkməyərək, əhalinin məşğulluğunun təmin olunmasında xüsusi rol oynayır.
Ailə sahibkarlığı əsasən kənd təsərrüfatı, xidmət və ticarət sahəsində geniş yayılıb.
Hazırda Azərbaycan ailə biznesinin inkişafında maraqlıdır.
Ailə biznesi xüsusi sosial qrupun daxilində ailə və onun bütün üzvlərini və öz istehsalını da maddi vəsaitlər ilə təmin edən bir sıra iqtisadi fazalara malik aktiv, proqressiv, təşəbbüslü sahibkarlıq fəaliyyətidir.
Bazar iqtisadiyyatı mühitində ümumi iqtisadi artımdakı əsas payı orta və kiçik sahibkarlar verir. Başlıca rol da məhz kiçik sahibkarlıq fəaliyyətinə aiddir. Bunu inkişaf etmiş ölkələrin təcrübələrindən, iqtisadi vəziyyətlərindən də əyani şəkildə görmək olar. Həmin ölkələrdə dövlət büdcəsinin gəlirlərinin əsas hissəsi məhz kiçik, orta sahibkarlar tərəfindən təmin olunur.
Dünyada geniş yayılan ailə sahibkarlığının inkişafı üçün ölkəmizdə potensial böyükdür. Bu, sadəcə istehsal sahələrinin genişliyi, əlçatan olması ilə deyil, həmçinin psixoloji amillərlə əlaqədardır. Dövlət də ailə sahibkarlığının inkişafında maraqlıdır. Ona görə ki, biznesin bu qolunun inkişaf etməsi əlavə xərc çəkilmədən, əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli şəkildə rol oynayır. Bürokratik qapıları döyməyərək evində və yaxud da şəxsi mülkiyyətindəki torpağında işləyərək, yaşayış üçün vəsait qazanmaq isə hamıya xoşdur.
Ailə biznesinin davam etdirilməsi çoxəsrlik bir ənənədir. Statistikaya əsasən, Amerika, Avropa, Yaxın Şərqin demək olar ki, 60 % əhalisi öz əcdadlarının yoluyla gedir və ailə biznesini inkişaf etdirməyə davam edirlər. Bu biznes sonradan onların uşaqlarına da keçir.
İnkişaf etmiş ölkələrin iqtisadçıları belə bir fikirdədirlər ki, ailə biznesi iqtisadiyyatın innovativ potensialının inkişaf etməsinə, yeni sahibkarlıq və istehsalat formalarının tətbiq edilməsinə, həmçinin maliyyələşdirmə məsələlərinin həll edilməsinə xüsusi şərait yaradır.
Ailəvi sahibkarlıq ölkə daxilində və cəmiyyətdə stabil iqtisadi və siyasi vəziyyəti təmin edir, gələcəyə doğru istiqamətləndirilən effektiv olan və müsbət biznes mühitini əmələ gətirir. Ailə sahibkarlığı ölkə əhalisinin təşəbbüskarlığını, bacarığını, intellektini nümayiş etdirmək üçün mühüm bir sistemdir. Bu sistem mövcud olmasa, iqtisadiyyatın səmərəli formada fəaliyyət göstərməsi çox çətin bir hala çevirilir və ya tamamilə aradan qaldırılır.
“ASAN xidmət” şəbəkəsi ailə biznesinin inkişafına qoşularaq bütün rəsmi sənədlərin tərtibini bu qurumda reallaşdırmaqla, əhalinin işini xeyli asanlaşdırır. Hazırda ölkədə ticarət, ictimai-iaşə, həmçinin yeyinti sənayesi sahəsində ailə sahibkarlığı geniş yayılıb. Ancaq bu, hələ potensialın kiçik hissəsi deməkdir. Əsasən kənd təsərrüfatı sahəsində ailə sahibkarlığının genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Dövlətin qarşısında duran iqtisadi vəzifələr bunu istəyir.
Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının emalı, istehsalı, orta və kiçik sahibkarlıq səviyyəsində malların istehsalı, həmçinin regionlarda özünüməşğulluq səviyyəsinin inkişaf etdirilməsidir.
“ABAD Factory” İstehsalat Kompleksinin yaradılması da bu fəaliyyətə istiqamətlənmiş növbəti addımıdır.
Azərbaycanda “ABAD” hüquqi şəxsin yaradılması ailə biznesinin hərtərəfli dəstəklənməsi məqsədini daşıyır. Biznes-planın tərtib edilməsindən başlayaraq, son məhsulun satışına qədər, həmçinin maliyyə dəstəyinin göstərilməsi ölkənin bu sahəyə daha çox qayğı göstərəcəyini göstərir. ABAD-ın başlıca fəaliyyəti resurslardan səmərəli şəkildə istifadə etməyə, innovativ metodların və yeniliklərin tətbiqinə əsaslanır. Mərkəz rəqabət qabiliyyətli məhsulların istehsal edilməsini təmin edən ailə sahibkarlığının və başqa sahibkarlıq fəaliyyəti növlərinin təşkil edilməsini təmin edir, məhsulların istehsalı, onun satışı, xarici bazarlara çıxarılmasında bir vasitəçi rolunu oynayır. Nəticədə mərkəz regional inkişaf proqramına əsas təkanverici qüvvə olmaqla bərabər, həmçinin əhalinin məşğulluq səviyyəsinin, rifah halının artırılmasında nəzarət və əlaqələndirici funksiyalarını reallaşdırır.
“ABAD” həmçinin sağlamlıq imkanı məhdud olan insanlara da dəstək göstərməkdədir. Ölkəmizdə əhalinin məşğulluq potensialının artırılmasına istiqamətlənən kompleks tədbirlərin müəyyən istiqaməti ailə əməyinə əsaslanmış təsərrüfatların təsis edilməsinin dəstəklənməsi, ailə sahibkarlığının inkişafına xüsusi şəraitin yaradılmasıdır.
“ABAD” qeyri-neft sektorunun inkişafı, məşğulluğun və əhalinin rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bir layihədir. Ailə Biznesinə Asan Dəstək mərkəzinin yaradılması təşəbbüs olaraq çox yaxşı təşəbbüsdür, çünki Azərbaycanda kiçik biznesin, ailə təsərrüfatlarının inkişaf etdirilməsinin yolu və mexanizmləri olmalıdır. “ABAD” mərkəzlərinin yaradılması bu istiqamətdə irəliyə doğru addım kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, bundan öncə də kiçik sahibkarlığın inkişafı, ölkədə biznes mühitinin normallaşdırılması, maliyyələşdirilməsilə əlaqədar mövcud istiqamətdə müəyyən qurumlar olub. Xüsusən də Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini göz önünə gətirsək və praktiki olaraq həmin quruma qarşı olan narazılığı nəzərə alsaq, deyə bilərik ki, “ABAD” mərkəzinin müsbət reputasiyası baxımından ilk növbədə uğurlu layihə hesab edilə bilər.
Burada kiçik biznes və ailə təsərrüfatları üzrə təşəbbüslərin maliyyələşdirilməsi, fondların yaradılması, yeni ideyaların dəstəklənməsi, maarifləndirmə işlərinin aparılması, regionlar üzrə iqtisadi qiymətləndirmə apararaq, biznes xəritəsinin hazırlanması, xidmətlərin bütövlükdə “ASAN xidmət”də təşkili nəzərdə tutulur. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin mühüm predmetlərindən biri məhz kiçik biznes, ailə təsərrüfatlarının inkişafı olmalıdır.
Azərbaycanda ölkə əhalisinin təxminən 36 faizi kənd təsərrüfatında çalışır. 33-34 % məşğul əhali bu gün məhz ailə təsərrüfatı şəklində fəaliyyət göstərir.
Azərbaycanda əməkqabiliyyətli əhalinin təxminən 40 %-i məhz aqrar sektora aid olan ərazilərdə, yəni regionlarda məskunlaşıb. Odur ki, ailə sahibkarlığının inkişaf etməsi və genişlənməsi bilavasitə aqrar sektorun tərəqqisiylə nəticələnir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin ABAD publik hüquqi şəxs ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihə Azərbaycanın kənd əhalisinin yerli səviyyədə imkanlarının qurulmasına istiqamətlənib.
Ailə biznesinin müsbət cəhətlərindən biri odur ki, biznes inkişaf etdikcə işçilər kiçik əməkhaqqı ilə və yaxud pulsuz işləməyə belə razıdırlar. Maliyyə çətinlikləri olduğu zaman ailə üzvlərini başa salmaq da çox asan olur, nəinki özgə insanları.
Ailə sahibkarlığı mikrobiznes və özünüməşğulluğun sərhədində yerləşən formatdır. Bu cəhətdən ailə biznesinin dəstəklənməsi öz əməyini digər əmək münasibətlərində gerçəkləşdirə bilməyən insanlara, orta və kiçik sahibkarlıq sferasında kəmiyyət baxımından müəyyən üstünlük təşkil edən bir biznesin kiçik formalarına birbaşa olaraq dəstəkdir. Dünya təcrübəsi sübut edir ki, dövlət dəstəyi olmadıqda, ailə biznesləri milli iqtisadiyyatda əhəmiyyətli şəkildə sosial-iqtisadi rol oynaya bilmir. Ölkəmizdə ailələrin sahibkarlıq təşəbbüsləri həmişə yüksək olub.
İlkin mərhələdə kiçik ailə təsərrüfatı kimi fəaliyyətə başlasalar da, daha sonra öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdıran bu ailə biznesləri sonda böyük şirkətlərə, səhmdar cəmiyyətlərə, hətta iri korporasiyalara çevriliblər. “ABAD” layihəsinin məqsədi ailə təsərrüfatlarının bu inkişaf mərhələsinin uğurla keçirilməsinə yardım göstərmək, həmçinin rəqabətə dayanıqlı, keyfiyyətli və dünya standartlarına cavab verən məhsullar istehsal edib, satışını təşkil etməkdir.
“ABAD” ölkədə kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaq üçün geniş imkanlar yaradır.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb