Alimentlə bağlı məhkəmə qərarları necə icra edilir?

İnzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır.

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar şikayətlər hər il olduğu kimi, 2022-ci ildə də üstünlük təşkil edib.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə bildirilib ki, ümumilikdə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı daxil olan şikayətlərin təxminən yarısı alimentin ödənilməməsi ilə bağlı olub. Bir sıra şikayətlərlə əlaqədar görülmüş tədbirlər nəticəsində aliment öhdəlikləri üzrə ödənişlər tam və ya qismən bərpa edilib, digər hallarda borclunun ölkə hüdudlarından kənara çıxması və ya axtarışa verilməsi səbəbindən gizlənməsi, borclunun rəsmi iş yerinin və gəlirlərinin, eləcə də əmlakının olmaması, faktiki olaraq borcluya məxsus olan əmlakın başqa hüquqi baxımdan digər şəxslərin adına rəsmiləşdirilməsi ilə gizlədilməsi və bu kimi digər səbəblərdən müvafiq məhkəmə qərarlarının icrası şikayətlərin araşdırılması dövründə mümkün olmayıb.

Qeyd olunanları, eləcə də aliment ödənişlərinin təyinatını və qanunvericilikdə alimentlə bağlı öhdəliklərin icrasına xüsusi yanaşmanın təsbit edildiyini nəzərə alaraq, həmin məhkəmə qərarlarının icrasının daha operativ təşkilinə diqqətin artırılması, bu məqsədlə aidiyyəti qurumların fəaliyyətinin səmərəli əlaqələndirilməsi zəruridir.

 

Aliment tələbinə dair icra sənədlərinin icrası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin fəaliyyətində ən problemli məsələdir.  Ədliyyə Nazirliyinin aparıcı məsləhətçisi Kəmalə Əhmədovanın açıqlamasına görə İcra Baş İdarəsinə daxil olan müraciətlərin də əksəriyyəti aliment tələbinə dair icra sənədləri ilə bağlıdır.

Onun sözlərinə görə, aliment tələbi ilə bağlı icra sənədlərinin sayı da ildən-ilə artır. Təkcə 2020-ci ildə aliment tələbinə dair qərarların sayı 100 min idisə, 2021-ci ildə belə qərararların sayı 110 min çatıb. 2020-ci ildə 95 milyon manatdan çox alimentin ödənilməsinə nail olunub. 2021-ci ildə isə icra qurumları 97 milyon manatdan çox alimentin ödənilməsinə nail olub.

Borcluların axtarışda olması, ölkə hüdudlarından kənarda olması icra işinədə çətinlik yaranır. 2016-cı ilədək sərhədkeçmə zamanı  vətəndaşın FİN məlumatları yoxlanılmadığı üçün borclu ad və soyadını dəyişərək ölkədən çıxa bilirdi. 2017-ci ildən sonra artıq sərhədkeçmədə FİN məlumatları yoxlanıldığından bu hallar aradan qaldırılıb.

Aliment ödənilməsi cəmiyyətimizdəki əsas problemlərdən biridir. Uşaqların mənafeyi, ailənin dövlətin himayəsində olması bizim qanunvericilikdə öz əksini tapıb. Ailə Məcəlləsində də aliment öhdəlikləri təsbit olunub və qanunvericlik bu məsələni tənzimləyir.

Ekspertlər problemin həlli üçün müxtəlif təkliflər irəli sürürlər.

Beynəlxalq təcrübədə ən uğurlu təcrübələrdən biri də Aliment Fondunun yaradılmasıdır. Əgər şəxsin aliment ödəmək imkanı yoxdursa və onun əmlak vəziyyəti araşdırılıbsa, o halda vəsait Aliment Fondu hesabına ödənilə bilər. Bu halda aliment ödənilərsə, sonradan dövlət həmin vəsaiti borcludan geri tələb edə biləcək.

Onlar bir sıra Avropa ölkələrində tətbiq olunan Aliment Fondunun yaradılmasının Azərbaycanda da müsbət nəticə verəcəyinə ümid edirlər.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev  Aliment Fondunun yaradılmasının tərəfdarıdır: “Dövlət həm də uşaqların sağlam böyüməsinə cavabdehdir. Bu mənada əgər valideynlərin aliment ödəmək imkanı yoxdursa, məhkəmə qərarlarının icra edilməsindən qəsdən yayınma halları mövcud deyilsə, aliment Aliment Fondunun vəsaiti hesabına ödənilə bilər. Həmin fonda vəsait cəlb edilməsi həm dövlət büdcəsi, həm də digər mənbələr hesabına edilə bilər. Həmçinin, dövlət sonradan fonddan ödənilən vəsaitin borcludan geri alınması üçün addımlar ata bilər”.

Son illər özəl icra qurumlarının yaradılması məsələsinin də gündəmdə olduğunu qeyd edən Ə.Nuriyev prosesin surətləndirilməsinə ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, məhkəmə qərarlarının icrası üçün icra qurumunun vətəndaş cəmiyyəti institutları və məhkəmə qərarlarının tərəfləri ilə mütəmadi işləməsinə ehtiyac var.

 

“Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrası üçün alimentin təyini mərhləsində məhkəmə bir qiymətləndirmə həyata keçirsə, müsbət olardı: “İstər sabit, istərsə də gəlirin müəyyən hissəsindən aliment tutulması təyin edilərkən məhkəmə aliment verəcək şəxsin əmlak vəziyyəti və ödəmək qabiliyyəti qiymətləndirməlidir. Hazırda qanun belə qiymətləndirməni hakimlər üçün vəzifə kimi nəzərdə tutmadığından məhkəmə belə qiymətləndirmə aparmır”.

Onun fikrincə, həmçinin, aliment ödəməyən şəxsin əmlak vəziyyəti, işsizliyi varsa, yaxud özü qəsdən belə vəziyyət yaradırsa, bu halda da aliment ödənilməsi babaya və nənəyə yönləndirilə bilər.

Digər tərəfdən alimentin artırılması hallarında bu məsələnin Mediasiya orqanlarına həvalə edilməsinə də baxıla bilər.

Ekspert bildirib ki, məhkəmə təcrübəsində uşaqlar daha çox ananın yanında saxlanılır. Amma bəzən olur ki, ananın uşağa münasibəti, əmlak vəziyyəti və digər hallar nəzərə alınaraq məhkəmələr “uşaq anada qalmalıdır” praktikasından əl çəkməlidir.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərovanın fikrincə, alimentlə bağlı məhkəmə qərarlarının icra olunmaması ailə və uşaq problemləri ilə məşğul olan təşkilat kimi əsas problemlərdən biridir: “Bəzən icra qurumlarının əməkdaşları subyektiv münasibətlər səbəbindən məhkəmə qərarını doğru icra etmir”.

Aliment Fondunun yaradılması üçün ilkin olaraq müvafiq qanunvericilikdə hüquqi əsas yaradılmalıdır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədovun açıqlamasına görə, aliment ödənilməsi ilə bağlı İsveç, Türkiyə, Rusiya və İsrail təcrübəsinə baxmaq olar. İsveçdə alimenti ödəməli olan valideyn bu vəsaiti ödəmirsə (və ya vaxtında ödəməzsə), o zaman İsveçdə sosial sığortanı idarə edən dövlət qurumu olan İsveç Sosial Sığorta Agentliyindən uşaqlara maddi dəstək göstərilir. Hökumət bu dəstəyi bir valideynin ayda 140 ABŞ dollarından az aliment ödədiyi və başqa yolla ekvivalent dəstəyi təmin etmədiyi hallarda da göstərir. Uşaqla yaşamayan valideyn, gəliri imkan verdiyi zaman onun uşaqlarına ödənilən məbləği geri qaytarmalı və dövlətə borcun faizini ödəməlidir.

İsrail də aliment ödənilməsi ilə bağlı maraqlı yanaşma sərgiləyir. Belə ki, İsraildə az tanınan bir qanun, boşanmış İsrail vətəndaşlarına və xarici vətəndaşlara, övladları üçün 18 yaşına qədər olan alimenti əvvəlcədən ödəyənə qədər məhkəmənin çıxardığı ölkədən çıxmamaq qərarı ilə ölkədə saxlanılmasına icazə verir. Həmçinin, hər ödənilməyən aylıq aliment ödənişnə görə borclu şəxs 21 gün müddətinə həbsə alına bilər. Bundan başqa aliment borcunu ödəmək üçün həmin şəxslərin gəlirlərinin 100 faizi və ya daha çoxu tutula bilər.

Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Kişi sürücü yol-hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazasına daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.

 

Qeyd edək ki, Azərbaycanda məhkəmə və digər inzibati orqanların qərarlarının məcburi icrası Ədliyyə Nazirliyinin tabeliyində olan icra qurumlarının icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri hər kəs üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

“İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda bu müddət bir ay ayadək uzadıla bilər.

Ekspertlər hesab edir ki, hazırda məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər mövcuddur. “İcra haqqında“ qanuna əsasən, müvafiq sənədlər qanuni qüvvəyə mindikdən sonra icra məmurlarına göndərilməlidir: “Həmin işlər icraata qəbul olunmalı və bununla bağlı qərar qəbul edilməlidir. 10 gün müddətinə isə borcluya sözügedən qərarın könüllü icrasına dair göstəriş verilməlidir. Əgər borclu həmin müddət ərzində məhkəmə qərarını icra etməsə, onda məcburi icra prosedurları başlamalıdır.

Aliment borcları və uşaqların mənafeyinə toxunan digər icra sənədlərinin Ədliyyə Nazirliyinin İcra xidmətinin fəaliyyətində ən həssas yer tutur. Son illərdə aliment işlərində olan ciddi çoxalmanın icra qurumlarının iş yükünü və məsuliyyətini artırıb.

Bu qəbildən olan işlərin sayının 100 minə çatması, xeyrinə aliment ödənilməli olan uşaqların sayının 160 min olması bu işlərin icrasını illər ərzində təmin etməyin özünəməxsus çətinliklər yaradır.

Bu sahədə əsas çatışmazlıqlar  borcluların bir qisminin pandemiya şəraitində gəlirlərinin azalması, yaxud gəlirdən tam məhrum olmaları, bəzilərinin çağırışlara gəlməyərək axtarışda olması, qeydiyyatsız ünvanlarda yaşamaları, digərlərinin ölkə hüdudlarını tərk etməsi, müxtəlif xəstəliyə tutulması, yaxud məhkum edilməsi kimi hallardır.

Məhkəmə qərarlarının icra olunmaması bu qurumların nüfuzuna böyük zərbədir və vətəndaşların sözügedən orqanlara inamını bərpa etmək üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Rusiya Hindistanın ən böyük 5 ticarət tərəfdaşından biridir

Sonrakı məqalə

Dövlət sərhədindən 30 kq narkotik keçirilməsinin qarşısı alınıb