Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstanda oktyabrın 10-da bir sıra görüşlər keçirib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssalam ilə görüşüb.

Şeyxülislam A.Paşazadə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tamamilə bərpa olunması barədə Məhəmməd Əbdüssəlama məlumat verib.

Baş katib bu tarixi hadisə münasibətilə təbriklərini çatdırıb, antiterror tədbirləri zamanı Azərbaycan tərəfindən yerli əhaliyə qarşı heç bir zorakılıq halının qeydə alınmadığını xüsusi vurğulayıb. Qeyd olunub ki, bununla belə, bəzi ölkələr və siyasi dairələr yenə də məsələyə ikili standartlardan yanaşaraq bu aşkar faktı görmür və ya görmək istəmir.

Tərəflər Müsəlman Ağsaqqalları Şurasının beynəlxalq aləmdə artan nüfuzunu və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, müxtəlif beynəlxalq strukturlarla fəal əməkdaşlığını məmnunluqla vurğulayıblar.

Məhəmməd Əbdüsalam Abu-Dabidə keçiriləcək BMT Ətraf Mühitin Mühafizəsi üzrə 28-ci Konfransının tarixində ilk dəfə olaraq Müsəlman Ağsaqqalları Şurasının rəhbərliyi ilə dini platformanın yaradılmasının planlaşdırıldığını qeyd edib. Baş katib Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Cənub-Şərq Asiya ölkələrinə səfərləri, bu ölkələrdə dinlərarası forumların hazırlanması və təşkili barədə məlumat verib.

Şeyxülislam A. Paşazadə bu təşəbbüslərə tam dəstəyini ifadə edərək, Müsəlman Ağsaqqalları Şurası rəhbərliyinin həmin tədbirlərin keçirilməsi ideyasını yüksək qiymətləndirib. Tərəflər Ümumdünya Fətva evləri və qurumları Baş Katibliyinin konfransında iştirak etmək üçün şeyxülislamın gələn həftə Qahirəyə gözlənilən səfərinə toxunaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Əl-Əzhər şeyxi arasında görüşün təşkili imkanlarını müzakirə ediblər.

Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı iştirak ediblər.

Əvvəlki məqalə

İsraildə 3 Azərbaycan əsilli şəxs həlak olub

Sonrakı məqalə

Təqaüd proqramlarının şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir