Allahşükür Paşazadə Trampa nə üçün müraciət edib? –Humanitar missiyanın siyasi mesajı  

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadənin  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa müraciəti  ictimai-siyasi arenada böyük maraqla qarşılanıb.

Şeyxulislam öz müraciətində koronavirus dövründə ABŞ prezidentini İran xalqına qarşı sanksiyaları dayandırmağa, pandemiya zamanı bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad etməyə çağırıb.

QMİ sədrinin bu bəyanatı bir sıra məqamlar baxımından ciddi mesajlar daşıyır.

İlk olaraq qeyd edək ki, Azərbaycan dövləti bütün dünyaya tolerantlıq prinsiplərini bəyan edərək insanların sülh və təhlükəsiz yaşaması üçün səylərin birləşdirliməsini təklif edir. Bakı vaxtaşırı təşkil olunan beynəlxalq tədbirlərə ev sahibliyi edərək dini və milli həmrəylik prinsiplərinin təbliği  üçün möhkəm platformaya çevrilib. “Bakı Prosesi” adlanan və dünyada çox böyük etimad qazanmış humanitar Forumlar Azərbaycanın regional və dünya çapında bu yöndəki siyasətinin məhək daşıdır.

Bu sırada din və dövlətin əməkdaşlığı Azərbaycanın beynəlxalq arenada yaxşı numunəsi kimi təqdir olunur.  QMİ-nin dəstək verdiyi bu əməkdaşlıq ölkənin təhlükəsizliyinin və regional əməkdaşlığının əsas qaydalarından birinə çevrilib.

Bu baxımdan A.Paşazadənin Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından etdiyi müraciətini  dövlət siyasətinin əsas prinsipi kimi çıxış edən tolerantlığın vacib nümunəsi saymaq olar. Azərbaycan hakimiyyətinin dini zəmində əməkdaşlıq imkanları belə mövqe nümayiş etdirməsinə fürsət yaradır.

Aparılan siyasətin bir həlqəsi də Azərbaycanın özünün nufuzlu dini liderləri və təsisatları olan müstəqil dini mərkəz kimi çıxış etməsidir. Ona görə rəsmi Bakı kənardan maraqlı qüvvələrin təzyiqlərinin qarşısını almaq üçün Qafqazda dini hövzə olaraq tanınmasında maraqlıdır.  İqtidar QMİ-nin statusu və fəaliyyətinə  dəstək verməklə bu əməkdaşlığı regionda  öz müstəqil siyasətinə müncər edə bilib.

Azərbaycan həmişə çətin gündə ona yardım üçün müraciət edən ölkələrdən köməyini əsirgəməyib. Şeyxulislamın ABŞ prezidenti Trampa müraciəti də Azərbaycan dövlətinin humanizm və bəşəri prinsiplərə sədaqətini göstərir və qonşu İran xalqının belə çətin günlərində onun ağır vəziyyətinə biganə  olmadığını nümayiş etdirir. Nəzərə alsaq ki, İran xalqının böyük hissəsini azərbaycanlılar təşkil edir, o zaman QMİ sədrinin bu müraciətinin məğzi daha da aydın açılır.

Bu baxımdan dövlətin yürütdüyü müstəqil siyasətin vacib komponenti olaraq  ölkənin dini rəhbərliyi də heç bir beynəlxalq konyukturaya baxmadan sırf dini, insani və mənəvi dəyərləri əsas götürərək bu müraciəti ünvanlayıb.

Digər mühüm məqam QMİ sədrinin müraciəti Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri kimi imzalamasıdır.  Müxtəlif din mənsubları, tanınmış yəhudi, xristian, müsəlman dini liderləri, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərləri bu nufuzulu Əməkdaşlıq Mərkəzinin üzvləridir.  QMİ sədrinin müraciətinə digər səmavi dinlərin qoşulması ölkədəki multikultural münasibətlərin təqdimatı da sayıla bilər.

Allahşükür Paşazadənin dünyadakı dini qurumlar və ictimai təşkilatlar arasında böyük nufuzu var. Ən müxtəlif zamanlarda, regional böhranlarda və xalqın ən ağır vaxtında Şeyxulislam öz mövqeyini ortaya qoyub. İstər 1990-cı il 20 yanvar qırğını zamanı SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən bəyanatı, istərsə də 90-cı illərdə Rusiyanın Çeçenistana hucumu zamanı çeçen xalqının genosdinə son qoymaq tələbi ilə prezident Yeltsinə ünvanladığı kəskin müraciət zamanında dünyada və Qafqazda böyük rezonans vermişdi. QMİ sədri bununla üzərində olan mənəvi borc məsuliyyətini şəxsi təhlükəsizliyindən üstün tuta bilmişdi.

Müraciətdə diqqəti çəkən məqamlardan biri də orada İran xalqının adının çəkilməsidir.  Şeyxulislam müraciətində qeyd edir ki, “humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir”.  Qonşu xalqın digər dövlətin dini rəhbərinə kömək üçün müraciəti son dərəcə vacib məqamdır: Bu onu göstərir ki, Azərbaycan öz nufuzu və gücü ilə ilə beynəlxalq müstəvinin sözü eşidilən bir dövlətinə çevrilə bilib.  Bu baxımdan qonşu dövlətin dini rəhbərinə müraciət,  sanksiyalardan və pandemiayadan əzab çəkən din qardaşlarına dəstək olmağı xahiş etmək Azərbaycan dövlətinə hörmətin və sayğının etirafıdır.

Bakı da öz növbəsində dini rəhbərinin belə bir müraciətini səsləndirməklə region ölkələri ilə qonşuluq münasibətlərində heç bir fürsətçil məqsəd güdmədiyini nümayiş etdirib və özünə qarşı da həmişə belə münasibəti gözlədiyi mesajını verib.

Siyasi müşahidəçilər də QMİ sədrinin ABŞ Prezidenti Trampa müraciətini humanizm baxımından doğru saydıqlarını bildiriblər.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, QMİ sədri doğru addım atıb:  “Şeyx həzrətləri din rəhbəridir, müsəlmandır. Qonşu müsəlman ölkəsində  yaşayan azərbaycanlıların, o cümlədən Azərbaycanda yaşayan müsəlmanların təhlükəsizliyinin qorunması məqsədi ilə müraciət edib.  Şeyxulislam öz borcunu yerinə yetirib”.

Z.Əlizadənin sözlərinə görə, bu, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin bir nümunəsidir: “QMİ sədri Trampa müraciət edib  deyir ki, koronavirus şəraitində bəşəriyyət təhlükədə olduğu bir zamanda sən də bir insanlıq elə, sanksiyaları müvəqqəti götür. Düzgün edib. Əhsən Şeyxulislama… Düzgün, insani və humanist bir addım atıb. Öz statusuna layiq olan mövqeydir”.

Politoloq Qabil Hüseynli QMİ sədrinin müraciətindən təəccüblənsə də humanitar mesaj kimi anlayışla qarşıladığını vurğulayıb: “Tolerantlıq və humanizm prinsipləri baxımından bu müraciət  anlaşılandır, qəbul ediləndir.  Çünki Roma Papası da İrana qarşı sanksiyaların yumşaldılmasını tələb edib. Din xadimləri həmişə  belə məsələdə humanist mövqe sərgiləyirlər.  Bu nöqtəyi-nəzərdən mən A.Paşazadənin müraciətini qəbul edrəm. A.Paşazadənin Qafqaz müsəlmanlarının lideri kimi böyük potensialı var”.

Politoloqun sözlərinə görə, buna baxmayaraq bu gün düşdüyü təcrid vəziyyətinə görə, İran tərəfi də tam haqsız sayıla bilməz.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki,  ABŞ prezidentinin Azərbaycandan olan müraciətə müsbət cavab verəcəyi ehtimalı azdır. Lakin çoxsaylı dövlətlərdən hüquq müdafiəçilərinin, ictimai xadimlərin eyni məzmunlu kütləvi müraciətlərinin müsbət effekt verəcəyi ehtimalı böyükdür. Tramp ictimai rəyi, kütləvi müraciətləri nəzərə ala bilər.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə Donald Trampa sözügedən müraciətlərin lazımlı müraciətlər olduğunu və qarşı tərəfin müsbət reaksiya verəcəyinə ümid etdiyini bildirib: “Ümumiyyətlə, beynəlxalq ictimaiyyət və çoxluğun qarşısında böyük dövlətlərin belə rəhbərləri inadkarlıq nümayiş etdirməməlidir və çağırışlara biganə qalmamalıdırlar”.

Dünyamızın koronavirusla mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır. Azərbaycanın dini rəhbəri da bu mesajı verməklə bir daha ölkəsinin humanizim və bəşəri ideyalarına sadiqliyini nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orta məktəblərdə buraxılış imtahanları iyunda keçiriləcək –

Sonrakı məqalə

AZAL çarter reysi ilə 212 Azərbaycan vətəndaşını İstanbuldan Bakıya gətirdi