Almatıda qiyamət günü –BBC-nin reportajı

Qazaxıstanın ən böyük şəhəri indi qiyamət günü barədə filmdəki kadrları xatırladır. Ordu və polis əsas obyektləri nəzarət altına alıb. Almatıda atışma davam edir. “Hakimiyyət lap əvvəldən güc tətbiq etsəydi, iğtişaşlar baş verməzdi”- yerli sakinlərdən biri deyir. Lakin zorakılıq əleyhinə qəzəblə yanaşı, etirazçılara qarşı rəğbət də mövcuddur.

Biz cümə günü səhər tezdən gələndə havada hələ də yanmış maşınların qoxusu hiss olunurdu. Ətrafda az adam var idi, çoxları bayıra çıxmağa qorxurdu.

Hökumət əleyhinə etirazların mərkəzinə çevrilən Almatının baş meydanda əsgərlərə yaxınlaşanda onlar bizim üstümüzə qışqıraraq, yaxınlaşmayın deyə havaya xəbərdardalıq atəş açdılar.

Almatıya artıq illərdir ki, gəlirəm. Bu adətən yaşıllıqları çox olan, yemək və içmək yerləri bol olan səs-küylü bir şəhərdir.

İndi mağaza və banklar talan olunub və ya dağıdılıb. Onların sahiblərinə bərpa işləri üçün vaxt lazım olacaq.

Ən çox zərər görən yer etirazların başladığı böyük əsas meydanın ətrafındadır.

Bələdiyyə binası yanıb. İndi ora qara tüstüyə bürünmüş qaranlığa qərq olub. KİV-lərin yerləşdiyi yaxınlıqdakı bina da hücuma məruz qalıb.

Cümə günü etiraz əlaməti görmədik – yalnız kiçik bir qrup insan telefonlarla şəkil çəkmək üçün dağıdılmış binaların qarşısında toplaşmışdır. Amma biz atəş və partlayışlar eşitdik – ola bilsin ki, səs qumbaralarının səsi idi. Əvvəlcə duman çökdüyünü düşündüm, amma sonra anladım ki, çox güman ki, qumbaraatanların tüstüsüdür.

Söhbət etdiyim bir neçə sakin çox qəzəbli görünür. Bu hadisələr Qazaxıstanda misli görünməmiş hadisə idi və bir çoxları etirazların nə qədər tez yayılıb zorakılığa çevrilməsinə təəccüblənirlər.

Söhbət etdiyim şəxslərin bəziləri Rusiyadan və digər qonşu ölkələrdən qoşunların gəldiyinə sevinir, onların asayişi bərpa edəcəklərinə ümid bəsləyirlər. Bir qadın deyir ki, hökumət lap əvvəldən daha sərt olmalı idi: “Əgər ilk vaxtlar güc tətbiq etsəydilər, iğtişaşlar baş verməzdi. Bəlkə də silah tətbiqinə görə ittiham olunmaqdan narahat idilər. Amma indi görürsünüz ki, bu yanaşma nəyə gətirib çıxarıb”.

Amma zorakılıq dalğasına qəzəb hissi ilə yanaşı, etirazçılara qarşı rəğbət də var. Nümayişçilərin çoxu maaşların aşağı və həyatın çətin olduğu kənd yerlərindən gəlib.

“Mən etirazçıların tələblərini başa düşürəm”, – 22 yaşlı aşpaz kişi deyir.

“Biz görürük ki, maaşlarımız artmır… Amma bu, soyğunçuluq və xuliqanlıqdır, indi sadə insanlar əziyyət çəkir. Bunu dayandırmaq lazımdır”.

Almatı sakinləri hazırda ərzaq qıtlığı ilə üzləşir, iri supermarketlər bağlanıb. Açılan mağazalar yalnız nağd pul qəbul edir, lakin pul çəkiləcək bankomatları tapmaq çətindir. İnternet yoxdur və hətta taksi çağırmaq belə çox riskli görünür.

Lazım olduğu kimi işləməyən internet və mobil rabitəsiz şəhərdən kənarda nə baş verdiyini bilmək çətindir. Hər cür şayiələr yayılır ki, onları təsdiqləmək mümkün deyil.

Qazaxıstanda heç vaxt belə miqyaslı etirazlar olmayıb. Təlatümlər əvvəllər də baş versə, onlar əsasən yerli səciyyəli olub. Onların heç biri əsas hava limanına hücumla nəticələnməyib.

Etirazlar yanacağın qiymətini qaldırmaq planlarına görə başlasa da, hökumətə qarşı narazılıq geniş vüsət alıb.

Müstəqillik qazanılan gündən 2019-cu ilə qədər hakimiyyət başında olan Nursultan Nazarbayevin istefasından sonra insanlar yeni lider Qasım-Jomart Tokayevin dəyişiklik gətirəcəyinə ümid edirdilər.

Lakin bu gözləntilər özünü doğrultmadı. Xüsusilə də, paytaxt Astananın adının keçmiş rəhbərin şərəfinə Nur-Sultan adlandırılması çoxlarına köhnə elitanın hələ də hakimiyyətdə olduğunu təsbit etdi.

Hazırda vəziyyət sakitləşir və belə görünür ki, rəsmilər vəziyyəti nəzarət altında saxlayırlar. Amma bu etirazlar hələlik bitsə belə, narazılıq qalacaq. Ola bilsin ki, əmələ gələn daha bir qığılcım, yenilərini alovlandıracaq.

Abducəlil Abdurasulov/BBC, Аlmatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya heç bir güzəştə getməyəcək…” –

Sonrakı məqalə

“Türk Dövlətləri Təşkilatı Qazaxıstana hər cür dəstək verəcək” –